Azərbaycan və Rusiya münasibətlərində tarixi gün

Azərbaycan  və  Rusiya münasibətlərində tarixi gün

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında”  Bəyannamənin imzalanması  Azərbaycan iqtisadiyyatı və siyasətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.  Şübhəsiz ki,  Azərbaycan ilə Rusiya arasında yaradılmış bu cür sağlam mühit ilk öncə iki ölkə liderləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm təkan vermişdir.

 İki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan 43 bənddən ibarət bəyannamədə Rusiya ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticarət və mədəni əlaqələrin inkişafı ilə bağlı məsələlər yer alıb. Rusiya və Azərbaycanın öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürütdüyü xatırladan bəyannamədə iki ölkənin həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması istiqamətində əməkdaşlıq etdiyi bildirilib.   

 Rusiyada keçirilən görüşdə  Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı vəziyyətə toxunan dövlət başçımız  deyib: “Azərbaycanla Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin qaynar mərhələdən siyasi-diplomatik mərhələyə keçməsində Rusiya çox mühüm rol oynayıb. Sizin fəal iştirakınızla 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyannamə bizə uzun müddətdir davam edən bu münaqişəni həll etməyə imkan verdi. Ümid edirik ki, Ermənistan tərəfi də bizim kimi 2020-ci ilin noyabrında imzalanmış Bəyannamənin bütün müddəalarını yerinə yetirəcək”. Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə dair mövqeyini dünya ictimaiyyətinə  bir daha çatdırmışdır.

Azərbaycan və Rusiya arasında 30 il ərzində əldə olunmuş nailiyyətlər və sonuncu Bəyannamə onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm siyasi iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına müsbət töhfəsini verəcəkdir.

Şəfəq İbişova

YAP Suraxanı rayon təşkilatının ƏPT–nin sədri