Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir
Xuraman Eyvazova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 268 saylı körpələr evi, uşaq bağçasının müdiri
Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin genişləndirilməsi mühüm yer tutur. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək. Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü və Prezident İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir. İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Ötən əsrin 90-cı illərinin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsilə birləşsin. Bundan sonra Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri tikildi. Regional və qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səylərlə reallaşdırıb. Üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır.
Biz bir çox sahələr üzrə fəal əməkdaşlıq edirik. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Həmçinin həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad olunmuş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər.
Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərməklə, qarşılıqlı faydalı əməkdaşlıq sahəsində daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq. Bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.