Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir. Azərbaycanla Vyetnamın əlaqələrinin tarixi 1950-ci illərə gedib çıxır. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 23-də qurulmuşdur. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycanda dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində dediyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.
Dövlətimizin başçısı müsahibədə əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. 2014-cü ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açıb, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan verib. 2015-ci ildə isə Vyetnamın Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri reallaşıb. Bu səfər də Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olub və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaradıb. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.
Bu səfər zamanı imzalanmış sənədlər, keçmiş iqtisadi forumlar və dövlətlərarası anlaşmalar, xüsusən enerji, informasiya texnologiyaları, əczaçılıq və kənd təsərrüfatı sahələrini əhatə edən sənədlər mühüm baza formalaşdırmışdır. Ticarət dövriyyəsinin 2024-cü ildə 223,93 milyon ABŞ dollarına çatması isə münasibətlərin real iqtisadi mahiyyətini əks etdirir.
Cənab Prezident İlham Əliyev qeyd edir: “Bu göstərici hələ son hədd deyil, biz bu səviyyəni gələcəkdə daha da artıra bilərik.” Bu isə onu göstərir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı nəinki tükənməyib, əksinə, genişlənməkdədir. Enerji sahəsində strateji təmas nöqtələri də diqətçəkəndir. Azərbaycanın neft sənayesi ilə Vyetnam arasında əlaqələrin dərin kökləri vardır. 1980-ci illərdən etibarən Azərbaycan neftçiləri Vyetnamda fəaliyyət göstərmiş, “Petrovietnam” şirkətinin əsasının qoyulmasında iştirak etmişlər. Cənab Prezidentin vurğuladığı kimi, “Petrovietnam”ın törəmə şirkəti olan “Vietsovpetro”nun ilk baş direktoru azərbaycanlı mühəndis olmuşdur. Bu faktlar təkcə peşəkar əməkdaşlıq nümunəsi deyil, həm də enerji sahəsində strateji sinergiyanın göstəricisidir. Hazırda isə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Dövlət Neft Şirkəti SOCAR ilə Vyetnamın “Binh Son Refining and Petrochemical JSC” şirkəti arasında bağlanmış müqavilə iki ölkənin enerji bazarlarında birgə fəaliyyət niyyətlərini təsdiqləyir. Bu, Azərbaycan üçün enerji məhsullarının ixrac coğrafiyasının genişlənməsi, Vyetnam üçün isə texnologiya transferi baxımından əhəmiyyətlidir. Humanitar körpülər də dayaqlı sütunlar üzərində qurulub. Yumşaq güc siyasətinin nəticələri sevindiricidir.
Cənab Prezident İlham Əliyev müsahibəsində xüsusi vurğu ilə qeyd edir ki, Azərbaycan–Vyetnam münasibətlərinin təkcə iqtisadi-ticarət yox, eyni zamanda mədəni və humanitar əsaslı inkişafı vacibdir. Cənab Prezident Qara Qarayevin “Vyetnam süitası”nın Hanoyda ifa olunmasını, Əjdər İbrahimovun Vyetnam kinosuna töhfəsini, Azərbaycan universitetlərində təhsil almış vyetnamlı tələbələrin bu gün öz ölkələrində nüfuzlu vəzifələrdə çalışmasını yumşaq güc siyasətinin uğurlu nümunələri kimi təqdim edir. Bütün bunlar ölkələr arasında xalqlar səviyyəsində qarşılıqlı anlaşma və mədəni təmasların nə qədər önəmli olduğunu göstərir.
Hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar aldıqları təhsil ilə öz ölkələrinin inkişafına töhfə veriblər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Digər bir vacib məqam isə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələrdir. Fond 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, ötən aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Cənab Prezidentin sözləri ilə desək: “Bu gün təhsil sahəsində qarşılıqlı maraq yenidən canlanır və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var.” Əminliklə demək olar ki, siyasi və ideoloji tərəfdaşlıq yeni mərhələnin əsas sütununa çevrilib. Mayın 7–8-də baş tutacaq səfər yalnız diplomatik protokol aktı deyil. Bu səfər eyni zamanda partiyalararası münasibətlərin və siyasi-ideoloji dialoqun möhkəmlənməsi baxımından da mühüm hadisədir. Cənab Prezident İlham Əliyev bu səfəri “Azərbaycan–Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ” adlandıraraq əlavə edir: “Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq.” Bu, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında artan siyasi dialoqun regional və beynəlxalq siyasi platformalarda koordinasiyaya töhfə verəcəyini göstərir.
Bu əməkdaşlıq modeli Azərbaycanın Asiya-Sakit Okean regionunda daha fəal iştirakına, alternativ diplomatik platformalar yaratmasına imkan verəcək. Xüsusən də, qlobal dəyişikliklər fonunda Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasət kursu üçün belə tərəfdaşlıqlar yeni fürsətlər yaradır. Azərbaycan–Vyetnam münasibətlərində gələcək mərhələ nəqliyyat, turizm və insan resursları sahələrində yeni təşəbbüsləri əhatə edir. Cənab Prezident İlham Əliyev Bakı ilə Hanoy arasında birbaşa aviareysin açılmasının zəruriliyini vurğulayır. Bu, yalnız turizm axınının artmasına deyil, həm də işgüzar səfərlərin, mədəni layihələrin və tələbə mübadiləsinin intensivləşməsinə xidmət edə bilər. Eyni zamanda, Prezident ekoloji siyasət, səhiyyə, təhsil və innovasiya sahələrində də əməkdaşlıq imkanlarının olduğunu xüsusi qeyd edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və qlobal ekoloji gündəmdə aktiv rolu bu əməkdaşlığa əlavə dəyər qatır. Cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan diplomatiyasının çoxvektorlu və strateji xarakterini bir daha təsdiqlədi. Bu müsahibə təkcə bir rəsmi açıqlama deyil, Azərbaycan–Vyetnam münasibətlərinin tarixi yaddaşını, bugünkü reallığını və sabahkı vizionunu özündə cəmləyən konseptual sənəddir.
Ümumiyyətlə, hazırkı Azərbaycan-Vyetnam əlaqələri əlaqələrin bundan sonra daha da inkişaf edəcəyini deməyə əsas verir.