Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətini və ideyalarını uğurla davam etdirir

Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətini və ideyalarını uğurla davam etdirir

Cəmilə Ağayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri

Müstəqil Azərbaycanın qurucusu,  Ulu öndər  Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq bu il ərzində  Azərbaycanda bir çox tədbirlər keçirilir və keçirilməkdədir. Belə silsilə tədbirlər ilin axırına qədər davam edəcək. Lakin, bu tədbirlər nə qədər çox olsa da, Heydər Əliyev dühası və xidmətləri qarşısında azdır. Hər gün televiziya vasitəsi ilə Ulu Öndərin “yüz fikri” silsiləsindən dediyi sözlər səsləndirilir. Bu dahi insanın dediyi fikirlər, sanki illərdən sonra Azərbaycanın indiki xoşbəxt gələcəyi naminə imiş. Bunu bugün reallıqları prizmasından daha yaxşı başa düşmək olur. 

İllər öncə, 21 may 1994-cü ildə Bakı şəhərinin Zuğulba qəsəbəsindəki pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə, dahi şəxsiyyət, belə bir fikir söyləmişdi: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi öndan nəticə çıxarmağı bacarasan”. Heç təsadüfi deyil ki, özündən sonra bizlərə miras qoyub getdiyi müstəqil Azərbaycan dövlətini, məhz  onun siyasi varisi İlham Əliyev bu fikirdə deyildiyi cümlələrin şərhi olaraq ölkəmizi yüksək idarəçilik qabiliyyəti ilə idarə edir.  Heydər Əliyevin, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! ” deməsi də, Azərbaycanın özündən sonrakı dövr üçün, iqtisadi uğurları üçün deyilmiş sanki bir vəsiyyəti idi.

Biz, dövlət, xalq olaraq hər zaman sülhsevər olmuşuq. Elə buna görədir ki, məhz Ulu Öndər Heydər Əliyev dövrünün ən böyük məqsədi bütün xalqlarla eyni zamanda dövlətlərlə səmimi münasibətin  yaranması və bu münasibətin iqtisadi əməkdaşlığa, dostluğa çevrilməsi idi. Heydər Əliyev öz çıxışlarında hər zaman, hər bir dövlətə düzgün şəkildə dəyər verən şəxsiyyət idi. Tarixi gözəl bildiyindən və ixtisasca tarixçi olduğundan,   dövlətlərin Azərbaycanla qədim tarixi əlaqələrini bilmiş, dəyərləndirmiş və öz çıxışlarında bu fikirləri təsdiqləmişdir. Bu çıxışlarında, Almaniya, Pakistan, Rumıniya, Gürcüstan, Rusiya, Ukrayna, İran, ABŞ, Yaponiya, İtaliya haqında müxtəlif tədbirlərdə səsləndirdiyi fikirləri bu şəxsiyyətin necə dərin siyasətə malik olmasını, müdrikliyini bir daha bizlərə  sübut edir.

Tarix göstərdi ki, şanlı zəfərə gedən yol məhz güclü iqtisadiyyatdan, siyasətdən, uzaqgörənlikdən keçir. Güclü iqtisadiyyatı əldə etmək üçün və ona gedən yol isə  mütləq surətdə bir sıra dövlətlər və xalqlarla dostluq və qardaşlıq əlaqələrindən, əməkdaşlıqdan keçir. Mərhum Ulu Öndər deyirdi: “Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir.”

Ulu Öndərin hər zaman Azərbaycan oğluna xas olan mərdliyi beynəlxalq tədbirlərdə və çıxışlarında da öz fikirləri ilə yer alırdı. Fransada akkreditə olunmuş xarici jurnalistlərin suallarına cavabında Heydər Əliyev deyirdi: ”Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin, öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinəyik.  Bu məğrur dövlət başçısının 15 yanvar 1997-ci ildə, Parisdə xarici jurnalistlərin suallarına cəsarətli  cavablarından sadəcə biri idi.  

Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətini və ideyalarını uğurla davam etdirir. Yazını yazdıqca düşünürəm, əsl şəxsiyyət, düşməni dosta çevirəndir, dostu düşmənə çevirən deyil!  Nə qədər ki, sülh, əmin-amanlıq, səmimiyyət və dostluq var, hər zaman layiq olanlar qalib gələcək!