Azərbaycan torpağında Pənahəli xan tərəfindən salınan Xankəndi XX əsrdə böyük şəhərə çevrilib

Azərbaycan torpağında Pənahəli xan tərəfindən salınan Xankəndi XX əsrdə böyük şəhərə çevrilib

Mürsəl Kazımov

YAP Suraxanı təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin direktor müavini

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi.

Artıq dördüncü ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz,  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil oldu.

“Dördüncü dəfədir ki, mən  bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021- ci ildə Şuşada, 2022- ci ildə Suqovşanda, keçən il Talış kənddə, bu il isə Xankəndində bayram tonqalını qalayıram.“ Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrikində söyləyib. Dövlətimizin başçısı bu böyük xoşbəxtlikdir deyə söyləyib.

Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən dövlətimizin başçısı Prezident İlham Əliyev vurğulayıb ki, 2023-cü ilin sentyabrında uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Azərbaycanın öz torpaqlarının azad olunmasına illərlə siyasi, iqtisadi və hərbi müstəvidə hazırlıq gördüyünü diqqətə çatdıran İlham Əliyev bildirib ki, biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququ, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Hər birimizə məlumdur ki, Vətən müharibəsindən sonra ölkəmizin qüdrəti dünyanın ən güclü orduları siyahısında olan Azərbaycan Silahlı Qüvvələri bütün dünyada lider ölkələr içərisində yer aldı.  Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.

44 günlük Vətən müharibəsindəki analoqsuz qələbəmiz, antiterror əməliyyatları zamanı öz sözünü dedi. Azərbaycan ordusunun döyüş imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Xüsusilə, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılır, həmin hərbi hissələrin maddi-texniki təchizatı yüksək səviyyədə təmin olunur. Bütövlükdə, orduda islahatlar kompleks xarakter daşıyır.

Azərbaycanın uğurlu  iqtisadi siyasəti onu göstərir  ki, ordu quruculuğuna, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Ermənistanla sülh sazişinin imzalanmadığını nəzərə alsaq, ordumuzun daha da gücləndirilməsinin xüsusi diqqət mərkəzində saxlanılması təbiidir. Azərbaycan ordumuzun güclü olmasında gənclərimizin yüksək vətənpərvərlik ruhunda yetişməsidir. Torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası ilə nəticələnən Azərbaycan xalqının milli həmrəyliyi özünə qayıtdı. Biz xalq olaraq azad edilmiş Qarabağda başımızı alnı açıq  yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq” deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, qədim Azərbaycan torpağında Pənahəli xan tərəfindən salınan Xankəndi XX əsrdə böyük şəhərə çevrilib və bu Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən edilib: “Bax, arxadakı bina Vilayət Partiya Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Həsən Məcidov idi. Onun yanındakı bina 1970-ci illərdə inşa edilmişdir, Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu binanın müəllifi Azərbaycan memarı Nəsrullah Kəngərli idi. Bu bina isə o vaxt mehmanxana kimi inşa edilmişdir. Ondan sonra ermənilər onun xarici görünüşünü dəyişdirmişdilər. İndi bu binanın əzəli siması ona qaytarılır və bu mehmanxananın müəllifi Azərbaycan memarı Ənvər Qasımzadə idi.

Prezident: “Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür”.

Bütün Azərbaycan gəncləri bu ən çətin gündə dövlətinə dayaq oldular. Cənab Prezident İlham Əliyevin gənclərə olan gözləntilərini layiqincə doğrultdular. Müharibəyə yollanan bütün Azərbaycan  gəncləri hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Bütövlükdə, bu müqəddəs müharibədə gənclərimiz tarix yazdı.

Prezident İlham Əliyev xalqa təbrikində bir amili xüsusi vurğulayaraq qeyd edib: “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.  Beləliklə, Azərbaycanda ordu quruculuğu prosesi uğurla davam etdirilir. Silahlı Qüvvələrimiz bundan sonra da qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdə davam edəcək.

Prezident nitqinin sonunda deyib: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq. Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!”.