22 may 2026-cı il tarixdə Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin inzibati binasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Azərbaycanın Dövlət Müstəqilliyinin 108-ci ildönümünə həsr olunmuş "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulov, Hövsan qəsəbə inzibati ərazi dairəsi (QİƏD) üzrə nümayəndəliyin baş məsləhətçisi Bəhmən Məmmədov, şəhid ailələrinin üzvləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan Hövsan Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının (ƏPT) sədri Seymur Rəsulov geniş nitqlə çıxış etmişdir. S.Rəsulov bildirmişdir ki, 108 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövlətin idarə olunmasında demokratik dəyərlərin, təsisatların və cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək məqsədilə böyük işlər görsə də, obyektiv səbəblərdən bu proseslər tam başa çatdırılmamışdı. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı prosesi, eləcə də siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dayanmadan inkişaf etdirilir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxışında vurğulamışdır ki, bütün parametrlərinə görə müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır. Uzaqgörən siyasət nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın bu gün artıq işğaldan azad edilmiş Şuşada dalğalanması, Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Hövsan QİƏD üzrə nümayəndəliyin baş məsləhətçisi, ƏPT-nin sədr müavini Bəhmən Məmmədov qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan söz verdiyi kimi, şanlı bayrağımızı bütün işğaldan azad olunan şəhər və kəndlərimizdə ucaltmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs irsi bu gün etibarlı əllərdədir.
Şəhid anası Günəş Yusubova çıxış edərək bildirmişdir ki, Vətən ona canını qurban verənlərin əmanətinə göstərilən ehtiram sayəsində yaşayır.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən tədbirdə digər iştirakçılar da çıxış edərək müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin ideallarını ən yüksək səviyyədə yaşatdığını ifadə etmişlər.