Azərbaycan-Özbəkistan münasibətlərinin bu zirvəyə çatması liderlərin siyasi iradəsinə əsaslanır

Azərbaycan-Özbəkistan münasibətlərinin bu zirvəyə çatması liderlərin siyasi iradəsinə əsaslanır

Dürdanə Şıxəliyeva

"Odlar  Yurdu" Universitetinin tələbəsi

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə siyasi, iqtisadi məqamlarla yanaşı bir çox ictimai, humanitar və mədəni amillərə də toxunulmuşdur. Hətta qeyd etmək lazımdır ki, münasibətlərin ən güclü bünövrəsi mədəniyyət və humanitar sahədəki sıx əlaqələrdir. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəyişməz dəstəkləməsi siyasi həmrəylikdir. Lakin azad edilmiş Füzulidə Mirzə Uluqbəyin adını daşıyan məktəbin tikintisi və açılışı xüsusi qardaşlıq jesti kimi qiymətləndirilir. Özbəkistanın Qarabağın bərpasına yardım edən ilk ölkə olması, Prezident Mirziyoyevin isə bu təşəbbüsü irəli sürən ilk lider olması bu həmrəyliyin dərinliyini nümayiş etdirir.

Son illərdə Azərbaycan və Özbəkistan Mədəniyyət, Elm və Mədəniyyət Günlərinin keçirilməsi, Xivədə “Şuşa günləri”nin təşkili mədəni irslərin bölüşülməsində aktivliyi əks etdirir. Daşkənddə Heydər Əliyev meydanının mövcudluğu və Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması (iyul 2025) xalqlararası dostluğun rəmzi ifadəsidir. Özbəkistan-Azərbaycan Media Forumları (Daşkənd-2024, Bakı-2025) və ilk Özbəkistan-Azərbaycan QHT Forumunun (Daşkənd-2024) təşkili xalqlararası dialoqun genişlənməsinə xidmət edir.

Azərbaycan-Özbəkistan münasibətlərinin bu zirvəyə çatması həm tarixi irsə, həm də müasir liderlərin siyasi iradəsinə əsaslanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin özbək xalqına bəslədiyi sevgi və türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən siyasəti bugünkü müttəfiqliyin təməlini qoymuşdur. Onun adı Daşkənddə mədəni obyektlərin mövcudluğu ilə əbədiləşdirilib. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyəti mədəni-humanitar əlaqələrin, xüsusilə də Qarabağın bərpası, mədəni irsin qorunması və beynəlxalq humanitar layihələrdə iştirakı ilə türk dünyası ilə bağları dərinləşdirir. Onun bu sahələrdəki rolu ikitərəfli münasibətlərin dərin sosial və mənəvi bazasını təmin edir.

Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və Azərbaycanın regional inteqrasiya siyasəti gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Ali Dövlətlərarası Şuranın və imzalanmış Müttəfiqlik Müqaviləsinin "Yol Xəritəsi"nin icrası ilə münasibətlərin bütün sahələrdə daha da şaxələndirilməsi hədəflənir.

Prezident cənab İlham Əliyevin UzA-ya müsahibəsi təkcə ikitərəfli hesabat deyil, həm də iki qardaş xalqın regional sülhə, iqtisadi inkişafa və beynəlxalq arenada həmrəyliyə töhfə verən strateji baxışının manifestidir. Azərbaycan və Özbəkistan münasibətləri qardaşlıqdan irəli gələn, siyasi iradə ilə gücləndirilən və mühüm institusional çərçivəyə malik olan bir modelə çevrilmişdir.