Azərbaycan iqlim dəyişikliyi ilə bağlı müzakirələrin mərkəzində yer alır
Mina Həsənli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin müəllimi
Almaniya Azərbaycanın Avropadakı ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ölkəmiz hər zaman Almaniya ilə əlaqələrin inkişafına mühüm önəm verir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından artıq 32 il keçir. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Almaniyaya mütəmadi səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verib. Eyni zamanda, Almaniya da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş kimi qiymətləndirir.
Son zamanlar Almaniyada Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə maraq yarandığını müşahidə edirik. Bu yaxınlarda Almaniya hökumətinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də bu ölkədə baş tutmuşdu. Dövlətimizin başçısı çıxışlarından birində Almaniyanın bölgəmizdəki proseslərə yanaşma tərzini təqdir etmişdi.
Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Bu tədbirə dəvət Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstək, həmçinin dövlətimizin başçısının yüksək nüfuzundan irəli gəlir. “Petersberq İqlim Dialoqu” 2011-ci ildə Almaniyanın keçmiş Kansleri Angela Merkel tərəfindən təsis olunub. Bu, qlobal iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin aparıldığı bir forumdur.
Dövlətimizin başçısının Almaniyaya son səfəri sübut edir ki, Azərbaycan dünyanı düşündürən aktual problemlərindən olan iqlim dəyişikliyi ilə bağlı müzakirələrin mərkəzində yer alır, bu prosesdə əsas tərəflərdən birinə çevrilir. Bunun bariz göstəricilərindən biri də Azərbaycanın yekdil qərarla bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək ölkə kimi seçilməsidir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, zəngin təbii enerji resurslarına malik bir ölkə olmaqla yanaşı, artıq nəhəng yaşıl enerji layihələri üzərində fəal işləyən bir dövlət kimi də tanınır.
Prezident İlham Əliyev forum iştirakçılarına ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı ətraflı məlumat verdi. Eyni zamanda, Azərbaycanın Avropaya yaşıl enerji ixrac etmək istiqamətində apardığı işlərdən də danışdı. Dövlətimizin başçısı bildirdi ki, 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Prezident İlham Əliyev 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırılacağını bildirdi. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayan dövlətimizin başçısı bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq yeni enerji stansiyalarının tikintisinə başlanacağını bildirdi. Vurğuladı ki, 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.
Prezident İlham Əliyev iştirak və çıxış etdiyi bütün beynəlxalq platformalardan Azərbaycanın milli maraqlarını, haqq səsini dünyaya çatdırdığı kimi “15-ci Petersberq İqlim Dialoqu” tədbirində də Ermənistanla normallaşma prosesindən, sülh maraqlarından və digər məsələlərdən söz açıb. Dövlətimizin başçısı çıxışında Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demarkasiyasının başlandığını, anklav olmayan 4 Azərbaycan kəndinin qaytarıldığını, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirib. Deyib ki, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər yaranıb.
Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində bu ölkənin Federal Kansleri Olaf Şoltsla ikitərəfli və geniş tərkibdə görüşü, birgə mətbuat konfransı, ölkəmizin Almaniya, o cümlədən Avropa İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və iqtisadi inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev mətbuat konfransında qeyd etdi ki, Azərbaycan COP29-la bağlı Almaniyanın göstərdiyi dəstəyə görə təşəkkür edir və hər iki ölkənin komanda üzvləri bir-biri ilə sıx təmasdadırlar.
Almaniyanın Federal Kanslerinin çıxışında səsləndirdiyi fikirlər Berlinin həm siyasi, həm iqtisadi sahələrdə Bakı ilə münasibətləri bundan sonra da inkişaf etdirəcəyini deməyə əsas verir. Bakıda keçiriləcək Dünya İqlim Konfransının region üçün böyük şanslar gətirəcəyini bildirən Olaf Şoltsəlavə yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensialın mövcud olduğunu vurğuladı. O, eyni zamanda, dedi ki, alman şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar.
Azərbaycan Prezidentinin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi. Prezident İlham Əliyev bu beynəlxalq platformadan məharətlə istifadə edərək faydalı qazıntı yataqları ilə zəngin Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu.
Beləliklə “15-ci Petersberq İqlim Dialoqu” tədbirinə ev sahibliyi edən Almaniya COP29-u keçirəcək Azərbaycan birlikdə dünyanın ekoloji gündəmini müəyyənləşdirən dövlətlər kimi çıxış etdilər. Bununla yanaşı Almaniya Qafqazda maraqları olan bir ölkə kimi Azərbaycana önəm verməklə buradakı maraqlarının təmin edilməsinə çalışır. Almaniya ilə tərəfdaşlıq ölkəmiz üçün də Avropada maraqlarının təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Prezidentin bu səfəri Azərbaycanın COP29 tədbirinə hazırlığı baxımından, həmçinin Almaniya və Azərbaycan arasında qarşılıqlı faydalı və praqmatik münasibətlərin möhkəmləndirilməsi baxımından çox böyük uğurla nəticələndi.