Azərbaycan həqiqətləri növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırldı
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı
Azərbaycan beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur və davamlı olaraq öz haqq işinin təbliğatını aparır. İyunun 27-də ölkə başçısı cənab İlham Əliyevin Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxışı da məhz daha çox Azərbaycan həqiqətlərinin növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına xidmət edirdi. Sessiyadakı çıxışında 30 illik erməni işğalına diqqət çəkən Prezident cənab İlham Əliyev bu illər ərzində Ermənistanın törətdiyi vandallıqlar haqqında geniş məlumat verdi. Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla yanaşı 9 şəhər və yüzlərlə kəndi yer üzündən silmiş, mədəni irsi yerlə yeksan etmişdir. Hətta işğaldan sonra Ağdamı görən xarici mütəxəssislər bu şəhəri “Qafqazın Hiroşiması” adlandırıblar. Bundan əlavə, Azərbaycan Ordusu Füzulini işğaldan azad edərkən dövlət bayrağını ucaltmaq üçün salamat bir bina tapa bilməmişdir. Bütün bunlar erməni vandalizminin sərhəsdiz olduğunun bariz sübutudur.
Ölkə başçısı Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxışı zamanı onu da vurğuladı ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Məhz bu niyyətlə Azərbaycan Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib və müvafiq prinsipləri də irəli sürüb. Baxmayaraq ki, rəsmi olaraq Ermənistan tərəfi bu prinsipləri qəbul edib, lakin bu ölkə hələ də sülhdə maraqlı olmadığını sərgiləməklə məşğuldur. Əgər Ermənistan sülhdə maraqlı olmuş olsaydı işğal dövründə Azərbaycan ərazilərində bir milyondan çox mina basdırmaz və sülh dövründə hərbi cinayətlərini davam etdirməzdi.
Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman sülh tərfədarı olmuşdur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri də bu deyilənləri sübut edir. Yenidənqurma işləri keyfiyyət və sürət amili nəzərə alınaraq həyata keçirilməkdədir. Çünki yurd-yuvalarından məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmağı səbrsizliklə gözləyirlər. Artıq bu işlərə də başlanıb və Zəngilanın Ağalı kəndi ərazisində yaradılan ağıllı kənddə sakinlər məskunlaşdırılıblar. Digər ərazilərdə də tikinti-quruculuq işləri mümkün olan qədər sürətlə, eyni zamanda, keyfiyyətlə həyata keçirilməkdədir. Bu ərazilərə qayıdacaq sakinlərin yaşayıb işləməsi üçün lazım olan bütün şərait yaradılacaq, müasir standartlara uyğun infrastruktur qurulacaqdır. Bu məqsədlə, Azərbaycan dövləti azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Görülən bütün işlər isə Azərbaycanın öz daxili maliyyə imkanları hesabına həyata keçirilir.
Hər zaman beynəlxalq platforma və tədbirlərdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran Prezident cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında da bu dövləti missiyanı layiqincə yerinə yetirdi.