Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətdir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlayıb. Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi.
Bundan sonrakı illərdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.