Azərbaycan Davos-2025 Forumunda: Qlobal Arenada Güclü Mövqe

Bu yaxınlarda 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən və əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji dünya problemlərinin və hadisələrinin müzakirəsini keçirməkdən ibarət olan Dünya İqtisadi Forumu öz işini yekunlaşdırdı.
Dünya İqtisadi Forumunun 55 illik tarixinə nəzər saldıqda görürük ki, müxtəlif dövrlər üçün aktual və dünya iqtisadiyyatında və siyasətində mühüm rola malik problemlər bu dünyəvi forumun müzakirə obyektləri sırasında yer tutub. Azərbaycan üçün Davos-2025 forumu ölkənin qlobal arenadakı mövqeyini gücləndirmək, strateji tərəfdaşlar qurmaq üçün mühüm fürsətdir. Diqqətçəkən əsas məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin forumda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşləri oldu. Yeri gəlmişkən, öz siyasətində milli maraqları hər şeydən uca tutan Azərbaycan Prezidenti bu strategiyanı 55-ci forumda da uğurla davam etdirdi.
Yanvarın 20-də Davosda Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibə vermişdir. Bu müsahibə fevralın 11-də yayımlanmışdır. Aparıcının sualına cavab olaraq dövlət başçımız “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu” fikirləri ilə başlamışdır. Daha sonra İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutması,Çin və Azərbaycanın rəsmi olaraq strateji tərəfdar olması, Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmizin çox yaxşı dost münasibətlərinin olması, Azərbaycanda olan yerli şirkətlərin Çin texnologiyasından istifadə etməsi kimi məsələlərə toxunmuşdur.
Aparıcının Azərbaycanın iqtisadiyyatı ilə bağlı sualına Cənab Prezident “Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, ölkəmizdə yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq” deyə cavab vermişdir.
ABŞ-dəki dəyişikliklərlə bağlı nə fikirdə olduğunu soruşan aparcıya dövlət başçımız belə cavab verdi ki, mən ABŞ-də dəyişikliklə bağlı narahat olmaq üçün ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik.
Daha sonra dövlət başçımız Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, yaşıl texnologiya sahəsində aparılan işlər, Çin şirkətlərinin təkcə texnologiyaların təmin edilməsində deyil, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlı olmalarını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Çin vətəndaşlarını viza almaq tələbindən azad edilməsi,Çin vətəndaşlarının elektron viza üçün müraciət etmək məcburiyyətində olmaması məsələsinə də toxundu.
Sonda aparıcı dövlət başçımıza “Cənab Prezident, Dünya İqtisadi Forumundan dərhal sonra Çin Yeni ili qeyd olunacaq. İstərdim ki, siz də Çin xalqına bu münasibətlə ürək sözlərinizi deyərək,bizə bu şərəfi nəsib edəsiniz”,- dedi.
Dövlət başçımız: “Mən Çin xalqını, Çin Yeni ili münasibətilə təbrik etmək,bütün dostlarımıza tərəqqi , sülh,sabitlik,səadət arzulamaq istəyirəm. Fürsətdən istifadə edərək, çinli dostlarımızı Azərbaycanı ziyarət etməyə dəvət edirəm,onlara bunu etmək üçün artıq viza tələb olunmur,sadəcə bilet alıb gələ bilərlər və Azərbaycanın necə inkişaf etdiyini görə bilərlər. Əminəm ki, xalqlararası təmaslar ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxın edəcək” demişdir.