Azərbaycanın Tarixi Qələbəsi

Azərbaycanın Tarixi Qələbəsi

Kəmalə İbrahimli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin müəllimi

8 Noyabr-  Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günün sonunda xalqımız illərlə arzusunda olduğu, həsrətini çəkdiyi vətəninə qovuşdu. Bu sadəcə bir müharibə deyildi, ədalətin, haqqın və vətən sevgisinin savaş meydanında dirçəlişi idi.

Uzun illər boyu qəlbimizdə yanan həsrət alovu nəhayət qələbəyə çevrildi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Hər kənd, hər dağ, hər qarış torpaq bir şəhidin qanı,bir ananın duası ilə azad edildi. Azərbaycan əsgəri təkcə silahla deyil, imanla, qürurla, vətən sevgisi ilə döyüşdü.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman öz çıxışlarında bildirirdi ki, “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. İşğaldan azad olunan torpaqlarımızın hər bir parçasında “Qarabağ Azərbaycandır!” nidası qələbənin sədası kimi səsləndi.

Şəhidlərimizin qanı ilə yazılmış bu tarix gələcək nəsillərə qürur, əzmkarlıq və vətən sevgisi dərsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”