Zəfər Qurultayı şanlı zəfərimizin bariz nümunəsidir
Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Bu gün azad Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı kimi dünyada yaşayan həmvətənlərimizə öz qollarını açır. Ötən həftə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Qurultayın Şuşada keçirilməsi, dünya azərbaycanlılarının həmrəyliyinin təzahürü olmaqla yanaşı çox mühüm mənəvi, siyasi əhəmiyyətə malik qürurverici bir tarixi hadisədir. 44 günlük Vətən müharibəsində igid oğullarımız Şuşanı erməni işğalından azad edərək şanlı tariximizə, eləcə də hərb tarixinə qələbə dastanı yazdılar. Qurultayın Şuşada keçirilməsi ilk növbədə dünya azərbayacanlıları üçün düşmən üzərində qazanılmış Zəfərin əhəmiyyətini göstərir. Bu mənada, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək.
Qurultayda ölkə başçımız proqram xarakterli açılış nitqi ilə çıxış edərək bir çox vacib fikirlər səsləndirdi. Dövlət başçımız nitqində ilk qurultayın 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırladaraq bildirdi ki, Qurultayda ulu öndər Qarabağ problemi ilə bağlı fikirlərini səsləndirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqlar. O günlərdən bizi düz 21 il ayırır. Amma bu gündə Azərbaycanda Heydər Əliyev fenomeni, Heydər Əliyev ideyaları xalqımızın hər bir fərdinin qəlbində və şüurunda yaşamağa davam edir. Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi olan Azərbaycan Prezidenti son 200 illik tariximizin ən böyük zəfəri olan Şuşa zəfərində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyir. Deməli, Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri onun özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyev və digər bu yolun yolçuları sona çatdırdı.
Vətən müharibəsində Zəfər əldə etməyimizdə hərbi qələbə ilə bərabər ideoloji qələbə də mühüm rol oynadı. Nə qədər acı da olsa bir həqiqəti unutmamalıyıq ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Vətən müharibəsi həm də azərbaycanlıların birliyinin və həmrəyliyinin sübutu oldu. Ölkə başçımız Prezident İlham Əliyevin ətrafında birləşərək, dəmir yumruğa çevrilərək qazandığımız Qələbə nəticəsində ölkəmiz qalib ölkəyə çevrildi.
Böyük rəmzi mənaya və tarixi əhəmiyyətə malik bu Qurultay perspektiv uğurların təməl daşı, postmünaqişə dövründə yeni uğurların və nailiyyətlərin ilk addımıdır. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin göstərdiyi hədəflərə çatmaq üçün bundan sonra da diaspor təşkilatlarımız fədakarlıqla çalışacaq və 44 günlük müharibə dövründə olduğu kimi, postmüharibə dönəmində də dövlətimizin başçısının rəhbərliyi ilə xalqımızın milli birliyini qorumağa davam edəcək.
Keçirilən Qurultay bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqına Zəfər yaraşır. Zəfər Qurultayı xalqımızın necə böyük, məğrur və qəhrəman olduğunu bütün dünyaya nümayiş etdirdi.