Azərbaycan-Çin Strateji Tərəfdaşlığı: Yeni Səviyyə

Nuranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər 2023-cü il iyulun 3-də imzalanan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə yeni mərhələyə qədəm qoydu. Bu sənəd iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə genişlənməsinə zəmin yaratdı.
Prezident İlham Əliyevin 21 aprel 2025-ci ildə Çinin nüfuzlu Sinxua agentliyinə verdiyi müsahibə bu tərəfdaşlığın möhkəmlənməsində mühüm addım oldu. Müsahibədə Azərbaycan-Çin münasibətlərinin tarixi əhəmiyyəti, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı və gələcək perspektivlər ətraflı şəkildə vurğulandı.
Hazırda Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır və ölkəmizdə Çin kapitalı ilə 375 şirkət qeydiyyatdan keçib, onların 298-i aktiv fəaliyyət göstərir. Buna baxmayaraq, iqtisadi sahədə hələ də böyük reallaşdırılmamış potensial mövcuddur.
Azərbaycan, ÇXR tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri kimi bu qlobal iqtisadi layihədə fəal iştirak edir. Bundan əlavə, vizasız rejimin tətbiqi turizm və işgüzar münasibətlərin daha da genişlənməsinə təkan verib.
Təhsil sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir – strateji tərəfdaşlıq çərçivəsində bu sahədə sabit inkişafın təmin olunması məqsədi ilə birgə fəaliyyət nəzərdə tutulur.
Nəticə etibarilə, Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsi ilə məhdudlaşmır, həm də regionda və beynəlxalq müstəvidə sabitliyin və inkişafın təşviqinə xidmət edir.