Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır

Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır

İsmayıl İbrahimov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin direktor müavini

Dövrün reallıqlarını diqqət mərkəzində saxlayaraq öz gələcək inkişafının istiqamətlərini müəyyənləşdirən Azərbaycan özü və dünyanın bir çox ölkələri üçün böyük əhəmiyyət kəsb edən ciddi addımlar atmaqda davam edir. Nəzərə alsaq ki, hazırda enerji təhlükəsizliyi məsələsi hər bir dövlətin varlığının və inkişafının təməl sütunlarını təşkil edir o zaman ölkəmizin bu yöndə apardığı işlərin böyük ümidlər yaratdığını qeyd etmək olar. Bu ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident Cənab İlham Əliyevin öz çıxışında toxunduğu məsələlər ölkəmiz və digər üzv dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması yolunda nə qədər vacib fəaliyyətlər aparıldığını bir daha nəzərə çatdırdı.

Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin əsasını təşkil etməsi onun daha da şaxələndirilməsi və inkişafı üçün ehtiyac yaradır. Bu ehtiyacı zamanında görməyi bacaran dövlətimiz iqtisadi siyasətini məhz lazımi məqamlara yönəltmişdir. Elə ona görə də bu gün Cənub Qaz Dəhlizi layihəsinin icrasının həyata keçirilməsinin növbəti mərhələsindən, layihənin genişləndirilməsindən danışılır. Özünü dünya səviyyəsində layiqli və inanılmış tərəfdaş kimi təqdim etməyi bacaran Azərbaycan artıq illərlə, aylarla deyil, günlərlə dəyişən dünyanın inkişaf meyllərini və tələbat nəbzini tutmaqla əməkdaşlıq coğrafiyasını genişləndirir, tərəfdaş sayını artırır. Cəsarətlə üzərinə götürdüyü öhdəlikləri zamanında və keyfiyyətlə yerinə yetirməsi fonunda Avropaya təbii qaz ixracının artırılması da vacib məqamlardan birini əks etdirir.

Resurslarını səmərəli şəkildə istifadə etməyi əsas tutan iqtisadi siyasətimizə uyğun olaraq ötən il Bakıda imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorondumun gələcək fəaliyyət istiqamətlərini aydın şəkildə müəyyən etməsi qeyd olunanların növbəti göstəricisi hesab oluna bilər. Azərbaycanın Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırması ölkəmizə olan etimadın qarşılığıdır. Artıq Avropaya qaz ixracının artırılması istiqamətində aparılan işlərlə əlaqədar Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorondumunun baş tutması üçün əlavə imkanların müəyyən olunması məsələsi gündəmə gəlir və bu tərəfimizdən ölkə daxilində enerji səmərələliliyi yönündə işlərin aparılmasına təkan verir.

Daxili istehlak proqramında elektrik enerjisi ilə təbii qazın kombinasiyalı istehlakının təmin olunması üçün addımlar atılır. Azərbaycanın təbii qaz resurslarının ölkəmiz və layihələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyimiz üçün 100 il bəs edəcəyini proqnozlaşdırsaq da daha irəli zamanlar üçün enerji təhlükəsizliyimizi təmin edəcəyimiz alternativ yollar və fəaliyyət planları üzərində də çalışmalarımız davam edir. Bu baxımdan Yaşıl enerjinin yeni dövrün ehtiyacı və diktəsi olduğunu təxmin edərək qeyd olunan istiqamətlə əlaqədar işlərin planlaşdırılması üçün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclasının keçirilməsi diqqətə layiqdir.

4 ölkənin iştirakı ilə keçirilən iclas konseptual məsələlərin həllini, fəaliyyətin hansı şəkildə qurulacağını, məsuliyyətin necə bölüşdürüləcəyi kimi vacib məqamları diqqət mərkəzində saxlamaqla yeni layihələrin formalaşması üçün zəmin hazırlamaq məqsədini ehtiva etdi. Düzgün planlaşdırmanın uğurun açarı olduğunu nəzərə alsaq yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclasının nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi aydın olur. Hazırda “Masdar” və “ACWA Power” kimi investorlarla günəş və külək enerjisinin istehsalının həyata keçirilməsinə dair sərmayə layihələri Azərbaycanın bu sahədəki təcrübəsini formalaşdırmaq baxımından önəm daşıyır.

Ümumi həcmi 470 meqavat olan layihə uğurlu nəticələr vəd edir. Yaxın gələcəkdə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində BP şirkəti ilə birlikdə inşa edilməsi nəzərdə tutulan elektrik stansiyasının işə başlaması da 240 meqavatlıq əlavə enerji istehsalına şərait yaradacaqdır. Bərpaolunan enerjinin istehsalı isə öz növbəsində mövcud qaz resurslarının ixrac məqsədilə qənaətinə imkan verəcəkdir.

Gələcəyə yönəlmiş planlarımız güclü dövlət siyasətimiz, öhdəliklərin yerinə yetirilməsi istiqamətindəki əzmimiz və iradəmiz sayəsində Azərbaycanı Avropa qitəsində həm təbii qaz həm də bərpaolunan enerjinin qüdrətli ixracatçısına çevirəcəkdir.