Heç bir güc bizim müstəqillik, azadlıq, suverenlik əzmimizi qıra bilmədi

Heç bir güc bizim müstəqillik, azadlıq, suverenlik əzmimizi qıra bilmədi

Xəyalə Mahmudova

Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri müavini

Hər bir millətin varlığını təsdiq edən başlıca amil ərazi bütövlüyü, dil və dövlətdir. Öz tarixinə sahib çıxan xalq müstəqilliyini yaradaraq onu qorumağa və inkişaf etdirməyə borcludur. Tarixin müxtəlif dövrlərində qarşılaşdığımız çətinliklərə, işğallara, təcavüzlərə baxmayaraq bir millət olaraq sınmadıq. Heç bir güc bizim müstəqillik, azadlıq, suverenlik əzmimizi qıra bilmədi. 

1990-cı ilin 20 yanvarında milli azadlıq hərəkatımızı beşikdəcə boğmağa çalışanlar – Sovetlər Birliyi bir il sonra məhvə məhkum oldu. Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etdi. Lakin havadarlarının fitvası ilə silahlanan Ermənistanın təcavüzünə tuş gəldik. Ərazilərimizin 20 faizi işğal olundu. Xalqımız “qaçqın - köçkün” vəziyyətinə salındı.

XX əsrin ən dəhşətli faciələrindən biri olan “Xocalı faciəsi” törədildi. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın danışıqlar prosesi heç bir nəticə vermədi. ATƏT-in Minsk qrupunun fəaliyyəti isə tamamilə hiss olunmurdu.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu tamamilə darmadağın etdi. 44 gün davam edən müharibə nəticəsində işğal altında olan ərazilərimiz düşməndən təmizləndi. 2020-ci ilin 8 noyabr tarixi zəfər tariximizə çevrildi. Bu qələbənin əldə olunması başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla xalqımızın mərd və igid övladlarının qanı, canı, fədakarlığı sayəsində mümkün oldu. Dövlət – xalq birliyi, qardaş ölkələrin dəstəyi qələbəmizin əsasını təşkil etdi. Öz qanları ilə Vətən torpaqlarımızı qoruyan şəhidlərimizin əziz xatirəsini daim uca tutmağa borcluyuq.

“Sülh məramlı” adı altında Qarabağa girən “sülhpərvər” rus ordusunun məramının heç də sülh olmadığını da müşahidə etdik. Onların Qarabağdan çıxarılması yolunda apardığımız mübarizə öz nəticəsini verdi. Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı.

Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik.”

Nəhayət  2023-cü ilin 20 sentyabrında cəmi 23 saat çəkmiş lokal antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam təmin edildi. “Dəmir yumruq” revanşistlərin niyyətlərini gözlərində qoydu və qoyacaqdır. Artıq Azərbaycanın haqq işini, beynəxalq prinsiplərlə tanınmış hüquqlarını müharibə yolu ilə təmin etməsi bütün səviyyədə qəbul olunur. Başqa sözlə desək, bütün dünya, beynəlxalq təşkilatlar və dövlətlər bu müharibənin nəticələrini tanıyır.

2024-cü ilin 19 sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı.

Bu gün bir millət, bir xalq olaraq Azərbaycanın qəhrəmanlıq səhifəsinə - əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı bahasına qazanılmış, xalqımızın milli sərvəti sayılan suverenliyimizin əldə edilməsində keçdiyimiz yola baxaraq qürurlanır, iftixar hissi keçiririk.