Azad edilmiş ərazilər vahid enerji şəbəkəsinə birləşdirilib
Yusif Quliyev
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının sədri
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gələcək planlarla bağlı danışarkən qeyd edib ki, ölkəmizdə bərpaolunan enerji potensialı çox artacaq. Ona görə də bu enerjinin saxlanılması üçün infrastruktur yaradılmalıdır. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın. Qeyd edilib ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək.
Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.
Cənab Prezident çıxışında ölkəmizin investorlar üçün etibarlı tərəfdaş olduğunu bir daha qeyd edib. Bu məqamda xüsusi qeyd edilməlidir ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. “Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir” – deyə cənab Prezident nitqinə əlavə edib. Onu da bildirək ki, Azərbaycan artıq uzun illərdir ki, energetika istiqamətində fəaliyyət göstərir.
Dünyada baş verən proseslərə baxdıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. O da xüsusi qeyd edilməlidir ki, ölkəmizin neft - qaz ixracı, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır.