Azərbaycanın Türk və İslam dünyasında rolu artmaqdadır
Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
Azərbaycan qədim dövlətçilik ənənələrinə, zəngin milli-mənəvi irsə və möhkəm birlik ruhuna malik ölkədir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu müasir Azərbaycanın inkişafının və güclənməsinin əsasını təşkil etmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz milli maraqlarını, suverenliyini və mənəvi dəyərlərini qətiyyətlə qoruyaraq yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli-mədəni irsimizin, humanizm və mənəvi dəyərlərimizin qorunması istiqamətində fəaliyyəti də bu ümumi siyasətin mühüm tərkib hissəsidir.
Bakının mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın Türk və İslam dünyasında artan rolunun göstəricisidir. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər ortaq mənəvi irsimizin öyrənilməsinə, Türk dünyasının və İslam aləminin birliyinin möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin bu tədbirlərin iştirakçılarından ibarət nümayəndə heyətini qəbul etməsi də dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmin göstəricisidir.
Azərbaycanın ən böyük tarixi nailiyyətlərindən biri xalqımızın bir yumruq kimi birləşərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmiş, Azərbaycan xalqı tarixi ədalətsizliyə son qoymuşdur. Otuz il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına beynəlxalq ictimaiyyətin lazımi münasibət göstərməməsinə baxmayaraq, xalqımız öz gücü və birliyi ilə beynəlxalq hüququn və ədalətin bərpasına nail olmuşdur.
Bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, şəhər və kəndlər yenidən qurulur. Bərpa prosesində dini-mənəvi irsə xüsusi diqqət yetirilməsi də mühüm əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin məscidlərdən başlanması xalqımızın öz dininə və mənəvi dəyərlərinə bağlılığının ifadəsidir.
Azərbaycan müharibədən sonra qarşıdurma deyil, sülh yolunu seçmişdir. Bu gün müharibə dayanıb və regionda yeni reallıqlar yaranıb. Azərbaycan mülki əhalini hədəf alan müharibə üsullarını qəbul etmədiyini bəyan edir və gələcəyini sülh, təhlükəsizlik və əməkdaşlıq üzərində qurmağa çalışır. Türk dünyasında və bütövlükdə Qafqaz bölgəsində sülhün qorunması üçün bütün tərəflərin səylərinin birləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin seçdiyi sülh gündəliyi regionda uzunmüddətli sabitliyin təmin edilməsinə yönəlib.
Azərbaycan eyni zamanda İslam həmrəyliyinin gücləndirilməsinə xüsusi önəm verir. Ölkəmiz İslam dünyası ilə münasibətlərini yalnız bəyanatlarla deyil, əməli addımlarla inkişaf etdirməyə çalışır. İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik və islamofobiya hallarının mövcudluğu müasir dünyanın ciddi problemlərindən biri kimi diqqətə çatdırılır. Bu baxımdan müsəlman ölkələri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bakının gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək olması Azərbaycanın İslam dünyası ilə əlaqələrinin əhəmiyyətini bir daha göstərir. Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.