Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə əlaqələrində artım dinamikası müşahidə olunur
ELNUR HÜSEYNOV
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktoru
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 20-24 noyabr 2023-cü il tarixlərində SPECA-ya Azərbaycan Respublikasının sədrliyi ilə Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçirildi. SPECA həftəsi çərçivəsində 20 noyabr tarixində Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasları, 21-22 noyabr tarixlərində İqtisadi Forum, 23 noyabrda isə SPECA Rəhbər Şurasının 18-ci sessiyası və 24 noyabr tarixində SPECA Sammiti baş tutdu. SPECA Rəhbər Şurasının 18-ci sessiyasında İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparıldı.Bununla yanaşı, SPECA həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində “SPECA Ölkələri Sərgisi: Dayanıqlı İnkişaf Naminə Regional Əməkdaşlıq” adlı sərginin keçirildi.Bu sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir
Bakıda keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə SPECA ölkələrini – Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Tacikistanı, Türkmənistanı və Özbəkistanı təmsil edən şirkət nümayəndələri arasında B2B formatda görüşlər keçirilib.Tədbirdə enerji, sənaye, nəqliyyat və logistika, turizm, tikinti, sığorta və bank sektorları, tekstil, avtomobil, kənd təsərrüfatı, qida, informasiya texnologiyaları, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox şirkət nümayəndəsi iştirak edib. Görüşlərin əsas mövzusu ikitərəfli əməkdaşlığın genişləndirilməsi və mövcud əlaqələrin şaxələndirilməsi olub.
“Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır.Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.” Bu nitqi Prezident İlham Əliyev 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışında qeyd etmişdir.
Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə əlaqələrinə ayrı-ayrılıqda nəzər saldıqda görürük ki, burada da artım dinamikası müşahidə olunur. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Əfqanıstana gəldikdə isə Azərbaycan əvvəlki illərdə bu ölkənin təhlükəsizliyinə böyük töhfələr verib. Belə ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və 2021-ci il avqustun sonunda onu başa çatdırıb. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olublar. Prezident İlham Əliyev çıxışları ilə ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqları və Azərbaycanın mövqeyini bütün dünyaya çatdırır. Bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib.