Şahin Seyidov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Milli Ordusunun əsası hələ XX əsrin əvvəllərində qoyulmuşdur. 1918-ci ildə müstəqil Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra onun Milli Ordusu da yaradıldı. Dövlətin dövlət olması üçün Milli Ordunun təşəkkül tapması ən vacib amillərdən biridir. 1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin uzun müddət yaşaya bilməməsinin əsas səbəblərindən biri də güclü, qüdrətli orduya malik olmaması idi.
Ümummil Lider Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbərlik etməyə başladıqdan sonra ölkəmizdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələlərinə xüsusi diqqət verilməyə başladı. Heydər Əlievin böyük səyləri nəticəsində 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin-görkəmli sərkərdəsi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey fəaliyyətə başladı.
1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin edən sərancam idi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında sübut etdi.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Bu gün Azərbaycan Ordusu sözün həqiqi mənasında bölgədə ən güclü ordudur.