Azərbaycan Ordusu Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevrildi

Azərbaycan Ordusu Azərbaycanın müstəqilliyinin  dəyərli reallıqlarından birinə çevrildi

Kəminə Zalova

YAP Suraxanı rayon təşkilatı ƏPT -nın sədr müavini

Suraxanı rayonu 232 nömrəli tam məktəbin müəllimi

Hər hansı bir dövlətin varlığının əsas qoruyucusu olaraq silahlı qüvvələrinin rolu əvəzolunmazdır. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın da özünəməxsus hərb tarixi var. Bu tarixi vərəqlədikcə böyük sərkərdələrin başçılığı ilə vətənpərvər döyüşçülərin yurdu qoruma əzminə heyran qalmamaq mümkün deyil. Ordu quruculuğu ənənləri mövcud olsa da, vətənimizdə müstəqil dövlətin Milli Ordusunun formalaşması müsəlman şərqində ilk müstəqil dövlət olan AXC ilə bağlıdır.

Cəmi 23 ay yaşamasına baxmayaraq ordu quruculuğunda önəmli siyasət həyata keçirən Azərbaycan Xalq Cümhuriyyəti bu işə dövlət olaraq elan edildiyi ilk gündən başlamışdı.  1918-ci ildə yaranan gərgin siyasi vəziyyət, Ermənistanın bolşeviklərin dəstəyi ilə Azərbaycanın bir sıra bölgələrini işğal cəhdləri ordu yaradılmasını birinci dərəcəli vəzifə olaraq hökumətin qarşısında qoyurdu. Türkiyə hərbi qüvvələrinin dəstəyi və 1918-ci ilin oktyabrın 23-də respublika hökumətinin iclasında yaranan Hərbi Nazirliyin təşkilatçılığı ilə obyektiv qanunauyğunluqlar çərçivəsində həyata keçirilən quruculuq işləri həm də milli ənənələrə və xalqın mənəvi potensialına söykənirdi.

Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə hərbi nazir təyin edilən tam artilleriya generalı Səməd bəy Mehmandarov öz əmrlərində dəfələrlə qeyd edirdi ki, ordu heç bir siyasətə qarışmamalı, ona tapşırılan vəzifələri icra etməlidir. Həm Səməd bəy Mehmandarovun, həm də nazir müavini Ə.Şıxlinskinin və onların digər silahdaşlarının prinsipiallığı, ardıcıllığı yaradılan Milli Ordunun sonrakı nəsillər üçün etibarlı varis kimi təsdiq edə bildi. Hətta 70 il ərzində Azərbaycanın SSRİ rejiminin tabeliyində olması belə xalqın şüurundan milli dövlətçilik,vətənlə mənəvi bağlılığı möhkəm olan ordu təsəvvürünü silə bilmədi.  

Sovet dönəmində ordu məsələsinə yeni baxış Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycana başçılıq etdiyi hər 2 dönəmdə ordu təşkili məsələsinə son dərəcə xüsusi həssaslıqla yanaşan ümumilli lider bu sahədə gördüyü işlərlə adını şanlı tariximizə müasir ordunun yaradıcısı kimi yazdıra bildi.

Ən mürəkkəb vəziyyətlərdə belə ən doğru və təsirli vasitələri tapıb tətbiq etməyi bacaran ümumilli lider bu bacarığından ordu quruculuğunda da istifadə edə bildi. Cəmiyyətdə ictimai sabitliyin, itirilmiş torpaqların qaytarılmasının vacibliyini dərindən duyan Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ikinci dönəmdə ölkənin etibarlı müdafiəsini təmin etmək üçün ciddi əməli fəaliyyətə keçdi.

Sovet dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin təşkili, ali təhsilli hərbi mütəxəssislərin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdarkən Azərbaycan ordusunda ağır böhranla qarşılaşdı. Ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramının olmaması, ordunun dövlətdən ayrı düşməsi və siyasi işlərə cəlb edilməsi, silahlı qüvvələrin daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranması, hərbi əmlakın böyük bir hissəsinin məhv edilməsi, vahid komandanlığın olmaması belə ciddi problemlərdən idi. Bu problemlər isə ordu ilə bağlı cəmiyyətdə son dərəcə bədbin əhvali-ruhiyyə formalaşdırmışdı.   

                                         

Ulu Öndər məhz belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və bir çox digər sahələrdə olduğu kimi hərb sahəsində də vəziyyəti addım-addım yoluna qoya bildi. Ulu Öndər xalq qüvvəsinə arxalanmaqla ordu quruculuğunda işi yeni əsaslarla təşkil etdi. Beləliklə, qısa müddətdə güclü və təşkilatlanmış ordu yarandı. Azərbaycan Ordusu Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevrildi. Xalqın mübarizlik, dönməzlik əzmi orduya sirayət etdi. Şəxsi heyətin əhvali-ruhiyyəsi yetərincə sağlamlaşdırıldı, yeni ehtiyat hissələri təşkil edildi. Döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.

Ordu quruculuğunda yeni mərhələnin başlanğıcını 2 noyabr 1993-cü ildə radio və televiziyadan xalqa müraciəti ilə qoyan  Ulu Öndər həm səfərbərlik işində, həm də ordu ilə bağlı digər təşkilati işlərdə peşəkarlıqla bərabər, saf mənəviyyata, əqidə bütövlüyünə, vəzifə borcuna sadiqliyinə hər zaman xüsusi önəm verdi. Məhz bu sağlam təməllər 30 ilə yaxın bir müddətdə erməni işğalında olan doğma torpaqlarımızın Milli Ordumuz sayəsində azad olunması ilə nəticələndi.

Şanlı zəfərin əldə olunması Heydər Əliyev siyasi kursunun davamçısı, Azərbaycan Respubliasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində təmin edildi. 

NATO ilə əməkdaşlıq, Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi bu gün ölkəmizin hərbi qüdrətinin yüksək səviyyəsindən xəbər verir.

Xalqın və dövlətin güvənə bildiyi Milli Ordu firavan və təhlükəsiz həyatımızın qarantıdır. Hər birimiz vətəndaş olaraq ordumuz üçün mənəvi güc qaynağı olmağın məsuliyyətini dərk etməliyik.