Azərbaycanın özünü Türk dünyası, Qafqaz və İslam aləmi arasında dialoqu təşviq edən platformalardan biri kimi təqdim edir

Azərbaycanın özünü Türk dünyası, Qafqaz və İslam aləmi arasında dialoqu təşviq edən platformalardan biri kimi təqdim edir

Vüsalə Məmmədrəhimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi

Prezidentin çıxışında Türk dünyası ilə Qafqaz arasındakı əlaqələr də ayrıca vurğulanır. Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi olması ölkəyə bu iki məkan arasında əlaqələndirici mövqe qazandıran amil kimi təqdim edilir. Bu baxış Azərbaycanın regional təşəbbüslərində yalnız coğrafi mövqeyinə deyil, tarixi və mədəni əlaqələrinə də əsaslandığını göstərir. Türk Dövlətləri Təşkilatının inkişafının Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri olması barədə əvvəlki çıxışlarda səsləndirilmiş mövqelər də bu yanaşmanın ardıcıllığını göstərir.

Digər mühüm xətt İslam həmrəyliyinin yalnız siyasi bəyanatlarla deyil, praktiki əməkdaşlıq və birgə layihələrlə möhkəmləndirilməsi məsələsidir. Prezident Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirilən tədbirləri, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını bu siyasətin nümunələri kimi göstərib. Beləliklə, həmrəylik anlayışı dini və siyasi çağırışdan əlavə, mədəniyyət, idman, humanitar əməkdaşlıq və qarşılıqlı dialoq kimi sahələri də əhatə edən geniş platforma kimi təqdim olunur.

Bu kontekstdə gələn il Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Belə bir tədbirin Bakıda təşkil olunması Azərbaycanın İslam dünyası daxilində dialoq və əməkdaşlıq platformalarının inkişafında iştirakını daha da genişləndirə bilər. Prezidentin çıxışında bu toplantıya dair əsas gözlənti müsəlman ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, qarşıdurmaların aradan qaldırılması və ortaq mövqelərin formalaşdırılması ilə əlaqələndirilir.

Çıxışın digər diqqətçəkən məqamı dini liderlərin sülh və əmin-amanlığın təşviqindəki roluna verilən qiymətdir. Prezidentin fikrincə, dini xadimlərin cəmiyyətə ünvanladığı mesajlar sülhə, əməkdaşlığa və qarşılıqlı anlaşmaya yönəldikdə onların təsiri yalnız dini icmalarla məhdudlaşmır, daha geniş ictimai mühitə də təsir edir. Bu baxımdan dini liderlərin müxtəlif ölkələrdən Bakıda bir araya gəlməsi həm fikir mübadiləsi, həm də dialoq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Ümumilikdə, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın özünü Türk dünyası, Qafqaz və İslam aləmi arasında dialoqu təşviq edən platformalardan biri kimi təqdim etdiyi görünür. Bakıda keçirilən tədbirlər də bu yanaşmanın praktiki ifadəsi kimi çıxış edir. Bu xətt Azərbaycanı yalnız beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi deyil, müxtəlif dini, mədəni və regional aktorların bir araya gəldiyi dialoq məkanı kimi təqdim etməyə yönəlir. Azərbaycanın Türk Dövlətləri Təşkilatı və İslam dünyası ilə əlaqələrində bu istiqamətin gələcəkdə də mühüm yer tutacağı dövlət başçımızın çıxışından görünən əsas mesajlardan biridir

 

Paylaş