Azərbaycan yaşıl enerji sahəsində inkişaf edir

Azərbaycan yaşıl enerji sahəsində inkişaf edir
Xəyalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktor muavini
Təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Vətənimiz beynəlxalq miqyasda güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlətdir. Azərbaycan iqtisadi və siyasi baxımdan sabit və son iyirmi ildə əlverişli, cəlbedici investisiya mühiti yaradılmış bir ölkədir. Əsrə bərabər 20 illik fəaliyyəti dövründə Ümummilli Liderin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, Azərbaycanı irimiqyaslı qlobal layihələrin mərkəzi, Cənubi Qafqazın lider dövləti kimi tanıtdı. Bu fəaliyyətin fonunda Azərbaycan təkcə Avropa üçün deyil, digər qitələrdəki ölkələr üçün də son dərəcə cəlbedici məkan rolunu oynadı.
26 oktyabr 2023-cü il tarixində 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışı və Prezident İlham Əliyevin tədbirdə iştirakı qeyd olunanların tam sübutudur. Bildiyimiz kimi “Masdar” şirkətinin investorluğu ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də qoyulub və bu stansiya Xəzər regionunda, eləcə də MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon xarici sərmayə hesabına tikilib. Xarici investisiya cəlb olunmaqla reallaşdırılan bu sənaye mərkəzi hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək ki, bunun sayəsində 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Açılış tədbirində çıxış edən dövlətimizin başçısı qeyd etmişdir: “Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağa qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir”.
Prezident İlham Əliyev böyük əminlik hissi ilə milli neft və enerji şirkətləri olan ADNOS və SOCAR-ın rəsmi tərəfdaş kimi Birləşmiş Ərəb Əmirliklərində birgə işləmək üçün planının olduğunu dilə gətirmiş, məhz bu məqamın ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdalığın yeni mərhələyə yüksəldiyinin sübutu olduğunu əsaslandırmışdır. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir çıxışı zamanı ölkəmizdən və dövlətimizin başçısı İlham Əliyevdən məmnunluğunu belə çatdırmışdır: “Zati-aliləri, mən Sizə nə qədər təşəkkür etsəm də azdır, ki Siz bizə bu qədər etimad göstərmisiniz, bizə fürsət vermisiniz. Əvvəl də qeyd etdiyim kimi, bu olduqca müdrik bir baxış, müdrik bir liderlikdir... Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan ilə olan təmaslarında hər kəsə və xüsusilə Sizə təşəkkür edirəm”. Tədbirin sonunda “Masdar” şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalının İlham Əliyevə təqdim olunması dövlət başçımıza göstərilən hörmət və sayqının bariz nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünü təmin edən, iqtisadi qüdrətini artıran Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini dünyaya daşıyır.O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə müdafiə edir.