“Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib

“Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib
Dekabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının suverenlik yolu” adlı tədbir keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının, rayon idarə və müəssisələrinin nümayəndələri, FHN Akademiyasının kursantları və məktəblilər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. Daha sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, İcra Hakimiyyətinin nümayəndəsi Novruz Əhmədzadə, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov çıxışlarında qeyd ediblər ki, Azərbaycanın suverenlik yolunda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri mühüm yer tutur. Onun rəhbərliyi ilə müstəqil dövlətçiliyin əsasları möhkəmləndirilib, siyasi sabitlik və hüquqi dövlət quruculuğu təmin edilib. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın suverenliyinin gücləndirilməsi, milli maraqların qorunması və ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.
Bədii hissədə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifalarında rəqs və musiqi nömrələri təqdim olunub. Daha sonra Mərkəzdə keçirilən tədbirlərdə fəal iştirakına görə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Esmanur İmanlı və “Heydər Əliyev və Azərbaycan” layihəsi üzrə məktəblərdə keçirilən açıq dərslərində fəal iştiraklarına görə rayon 226, 327, 140, 208, 79 nömrəli tam orta məktəblərin şagirdləri təltif olunublar.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.