Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlətin, xalqın maraqlarını qoruyacaqdır
Züleyxa Səmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi. Xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Ümummilli Lider Heydər Əliyev 1993 - cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni vüsət aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Bu dövrdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.
Ölkədə hökm sürən böhran, xaos, daxili çəkişmələr Ulu Öndəri yolundan çəkindirə bilmədi. Xalq da heç vaxt Ulu Öndərdən öz dəstəyini əsirgəmədi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlətin, xalqın, maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
İlk gündən Ümummilli Lider xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyinə müraciət etdi, Vətənimizin təhlükədə olduğunu izah edərək millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən Ali Baş Komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə – gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın o dövr ki ağır, mürəkkəb və gərgin vəziyyətinə baxmayaraq bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdi. Bu gün Azərbaycan artıq müstəqil ölkə olaraq inamla irəliləyir. Ulu Öndərin ideyalarını ölkə başçısı cənab İlham Əliyev bu gün uğurla davam etdirir.
Azərbaycan xalqının məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir.