Azərbaycan Prezidentinin TDT Görüşündəki Çıxışında Əsas Məqamlar

Azərbaycan Prezidentinin TDT Görüşündəki Çıxışında Əsas Məqamlar

Aygün Fərzəliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 279 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini

Qlobal geosiyasi arenada baş verən ciddi dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatının çəkisi və nüfuzu sürətlə artmaqdadır. Ölkə rəhbərinin qeyd etdiyi kimi, bu təsisat sadəcə regional birlik olmaqdan çıxıb, planetar miqyaslı problemlərin həll olunduğu və strateji qərarların qəbul edildiyi nüfuzlu bir platformaya çevrilmişdir. Üzv ölkələrin sahib olduğu zəngin resurslar və strateji coğrafi mövqe, yaxın gələcəkdə qlobal xammal və tranzit təhlükəsizliyinin təmin olunmasında bu birliyin əsas söz sahiblərindən biri olacağını şərtləndirir.

Azərbaycan Avrasiya materikinin ən kritik nöqtələrindən birində qərarlaşaraq, şərqlə qərbi, şimalla cənubu birləşdirən əvəzsiz bir körpü funksiyasını yerinə yetirir. Bakının yürütdüyü aktiv xarici siyasət, həm Xəzər hövzəsinin, həm də Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının alternativ yollarla dünya bazarlarına fasiləsiz ötürülməsinə zəmanət verir

Bu kontekstdə region dövlətləri ilə qurulan əlaqələr sadə tərəfdaşlıq deyil, rəsmi sənədlərlə möhkəmləndirilmiş müttəfiqlik statusu daşıyır. Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə reallaşdırılan müştərək investisiya layihələri və yaradılan iqtisadi fondlar bu müttəfiqliyin real praktiki nəticələridir. 

Bu siyasi və iqtisadi tərəfdaşlığın təməlində isə əsrlər boyu formalaşmış sarsılmaz mənəvi bağlar — eyni soy-kök, vahid dil qrupu və bənzər mədəni irs dayanır. Məhz bu ortaq keçmiş təşkilat daxilindəki həmrəyliyi və qarşılıqlı etimadı daha da möhkəmləndirir. Lakin indiki gərgin dövrdə yalnız keçmişə güvənmək kifayət deyil; mövcud hərbi-siyasi böhranlar və qonşu regionlardakı münaqişələr dövlətlərin milli təhlükəsizlik orqanlarının daha sıx və operativ koordinasiyasını tələb edir. Təhdidlərin vaxtında lokallaşdırılması üçün kəşfiyyat və informasiya mübadiləsinin gücləndirilməsi həyatı əhəmiyyət kəsb edir.

Bu birliyin gələcəyini qorumaq və daha da irəli aparmaq missiyası isə yeni nəslin üzərinə düşür. Gənclərin müxtəlif beynəlxalq platformalarda bir araya gəlməsi, ortaq layihələr icra etməsi Türk dünyasının uzunmüddətli inteqrasiyasının ən böyük təminatıdır. Digər tərəfdən, Azərbaycanın uzun illər ərzində üzləşdiyi ədalətsizliklər fonunda beynəlxalq hüququn ikili standartlar olmadan, hamı üçün bərabər tətbiq edilməsi prinsipial bir tələb kimi irəli sürülür.

Yalnız beynəlxalq hüquq normalarına dürüst riayət olunması və TDT daxilindəki potensialın maksimum reallaşdırılması ilə təşkilat gələcəkdə qlobal ticarət, energetika və təhlükəsizlik arxitekturasının əsas sütununa çevrilə bilər. 

Paylaş