Azərbaycan iqtisadiyyatında yeni mərhələ: Dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivləri

Azərbaycan iqtisadiyyatında yeni mərhələ: Dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivləri

Minurə Əhmədova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, Əlövsət Vəliyev adına körpələr evi-uşaq bağçasının tərbiyəçisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramına həsr olunmuş müşavirədəki çıxışı ölkə iqtisadiyyatının strateji şaxələndirilməsində mühüm bir mərhələnin əsasını qoyur. Bu proqram çərçivəsində dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni və müasir sənaye istiqamətinin yaradılması nəzərdə tutulur. Son vaxtlar qəbul olunmuş dövlət proqramlarının ölkə iqtisadiyyatını daha da gücləndirəcəyi şübhəsizdir. Qəbul edilmiş proqramlar 4 il ərzində uğurla icra olunmalıdır. Cari ilin 8 ayında qeyri-neft sektorunun 5,4 faiz artması həyata keçirilən məqsədyönlü iqtisadi islahatların bariz göstəricisidir.

Ölkənin zəngin resurs potensialı sənaye istehsalının genişləndirilməsinə böyük imkanlar açır. Perspektivli qızıl, mis və molibden yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinə gələn ildən başlanılması planlaşdırılır. Eyni zamanda, Avropa qitəsində ən perspektivli yataqlardan biri hesab olunan Balakən rayonundakı “Filizçay” polimetal yatağı ölkənin dağ-mədən potensialının strateji əhəmiyyətini nümayiş etdirir. Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi də məhz dağ-mədən sənayesinin inkişafını təmin etməkdir. Artıq sənaye parkları və aqroparklar Azərbaycanın hər bir bölgəsində mövcuddur.

Dövlət başçısı bəyan etmişdir ki, işlər həm dövlət xətti ilə, həm də özəl sektorun fəal iştirakı ilə qurulur. Bu baxımdan yerli və xarici investorlara verilən əsas mesaj qapıların hər zaman açıq olmasıdır. Ölkədə maksimum çalışılır ki, iqtisadiyyata daha böyük səmərə verə biləcək müasir mexanizmlər tətbiq edilsin. Bununla yanaşı, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş sosial infrastruktur layihələri də uğurla icra olunur.

Azərbaycan beynəlxalq enerji arenasında da mövqeyini addım-addım möhkəmləndirir. Ölkəmiz bir çox dövlətlər üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilmişdir. Hazırda ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatmışdır və Azərbaycan 25 milyard kubmetrdən çox qaz ixrac edir. Lakin iqtisadi inkişaf və təbii resursların mənimsənilməsi zamanı ekoloji tarazlığın qorunması prioritet məsələdir. Əsas sərvətimizin hətta yerin altında olan resurslar deyil, məhz təbiətimiz olduğu xüsusi vurğulanmışdır. Təəssüf ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan tərəfindən məhv edilmişdir.

Yekun olaraq, qəbul edilən Dövlət Proqramı və həyata keçirilən kompleks tədbirlər Azərbaycanın dayanıqlı inkişafına, sənaye potensialının artırılmasına və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə misilsiz töhfə verəcəkdir.

 

Paylaş