Azərbaycan ilə Serbiya arasında münasibətlər siyasi dialoqla yanaşı iqtisadi sahədə də inkişaf etməkdədir
Aygün Azayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Əlövsət Vəliyev adına uşaq bağçası və körpələr evinin müdiri
2026-cı il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti mühüm mərhələsi kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və verilən bəyanatlar Azərbaycan–Serbiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə daha da dərinləşdirilməsinə xidmət edir.
Səfər əsnasında Prezident cənab İlham Əliyev öz çıxışında vurğulamışdır ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər uzun illərə söykənir və qarşılıqlı etimad prinsipləri üzərində qurulub. Dövlət başçılarının mütəmadi görüşləri, beynəlxalq tədbirlər çərçivəsində aparılan müzakirələr və sıx siyasi dialoq bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir. İki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirir.
Azərbaycan ilə Serbiya arasında münasibətlər siyasi dialoqla yanaşı iqtisadi sahədə də inkişaf etməkdədir. Ticarət dövriyyəsinin artması, birgə layihələrin həyata keçirilməsi və yeni investisiya imkanlarının araşdırılması əməkdaşlığın geniş perspektivlərə malik olduğunu göstərir. Azərbaycan eyni zamanda da Serbiyaya böyük həcmdə sərmayə qoymağa da hazırdır.
Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər demək olar ki, bütün sahələri əhatə edir. Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. İki dövlət arasında gələcək üçün açıq-aydın planlar var. Yaxın gələcəkdə yenə də görüşlər planlaşdırılır.