Azərbaycan hər zaman türk dünyasının birlik amalına sadiq qalacaqdır
Mürsəl Kazımov
YAP Suraxanı rayon təşkiltının ƏPT-nin sədr müavini
Suraxanı rayonu 318 nömrəli məktəbin direktor müavini
2020 - ci ilin 27 sentyabrında başlayıb, cəmi 44 gün sonra tarixi Qələbə, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.Tarixi Qələbə qazanmış Azərbaycan qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də öz sözünü diktə edir. Artıq hər bir günümüz xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisələrlə yazılır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.
Cari ilin 11 noyabr tarixi də Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı və çıxışı ilə yadda qaldı. Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər təkcə Azərbaycan – Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyini deyil, eyni zamanda təşkilatın digər üzv türk dövlətləri ilə olan münasibətlərimizin yüksək müstəvidə olmasını bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında xarici siyasətin prioritet istiqamətlərini də qeyd etdi. Bildirdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Hesab edirəm ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhvəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaqdır. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlarına malikdir.
Ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, türk dünyası böyük bir ailədir. Türk dünyası bir – birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Tarix boyu türk xaqanları böyük bir coğrafi arealda yaşayan türk xalqlarını birləşdirmək istiqamətində böyük işlər görmüşlər. Alparslan Səlcuqun ərəb xəlifəsinə məşhur məktubunda yazırdı: “Mən dünya xalqlarına hökmranlıq edən hunların nəslindənəm. Əmir Teymurun “Türküstan əmiri“ kimi tarixə düşməsi də məlum faktdır. Böyük Hun xaqanlığı, Göktürk xaqanlığı, Səlcuq, Qızıl Orda xaqanlıqları və s. öz hakimimiyyətləri altında türk xalqlarını dünyaya hakim və yaradıcı soy kimi tanıtmışlar.
SSRİ adlı anti-türk imperiyası dağıldıqdan sonra azad olmuş türk toplumları yenidən birliyə can atmağa başlamışlar. Dünya təcrübəsində tarixi – etnik köklərlə eyni dil qrupu, ənənə və dəyərlərlə bir – birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümumələr gətirmək mümkündür. Minilliklər boyu yol gəlməklə tarixin sərt sınaqlarından üzüağ çıxmış, milli dövlət qurmaq, müstəqil yaşamaq haqlarını əzmlə qorumuş türkdilli xalqların ideya – mənəvi birliyini təmin edən amillər isə daha çoxdur. Təməl prinsipində dahi Atatürkün “Yurdda sülh, cahanda sülh” tezisinə dayanan türkçülük idealogiyası möhkəm ideoloji istinad nöqtəsi kimi daha geniş coğrafi ərazidə türkdilli xalqları bir – birinə sıx şəkildə bağlayır. Onlarda milli kimlik şüurunu, həmrəylik, təəssübkeşlik hislərini və duyğularını gücləndirir. Bu birlik və həmrəylik eyni zamanda, çox qütblü əməkdaşlığın subregional inteqrasiya modelinin – türkdilli dövlətlərin müxtəlif qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi naminə birgə səy göstərməsini, geniş iqtisadi əlaqələr qurmasını təmin edir.
Ölkə başçısı görüş zamanı onu da vurğuladı ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimiliyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Eyni zamanda Dövlət başçısı çıxışında gənc nəslin nümayəndələrinin yaşadıqları müxtəlif ölkələrin məktəblərində öz ana dilində təhsil almaq imkanının olmamasından da söz açdı. Ölkə rəhbəri təəssüflə vurğuladı ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur və qeyd etdi ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.
Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd edir. İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu, bununla da Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Biz inanırıq ki, türkdilli dövlətlərin birliyi, daimi olacaq və azad olunmuş torpaqlarımız bu birliyin nəticəsində daha da çiçəklənəcəkdir.