Novruz Tonqalları - Xalqımızın Mübarizə Əzminin İfadəsi
Vüsalə Məmmədrəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi
Novruz bayramı təkcə təbiətin oyanışı deyil, xalqımızın ruhunun dirçəlişi, mübarizə əzminin simvoludur. Tarixin ən çətin dönəmlərində belə, Novruz tonqalları sönməyib, əksinə, daha gur yanaraq milli ruhumuzu alovlandırıb. Qarabağın işğaldan azad olunmasından sonra o torpaqlarda yandırılan tonqallar isə bu bayramın nə qədər dərin mənaya malik olduğunu bir daha göstərdi. Hər bir alov, hər bir köz, xalqımızın azadlıq uğrunda mübarizəsinin şahididir.
Xalqımız üçün Novruz hər zaman həmrəyliyin və birliyin simvolu olub. Xüsusilə, Naxçıvanda başlayan mübarizə dalğası Ulu Öndər Heydər Əliyevin liderliyi ilə daha böyük bir amalın təməlini qoydu. O dövrdə Naxçıvan blokada şəraitində olsa da, xalqın iradəsi sarsılmadı, əksinə, milli ruh daha da möhkəmləndi. Məhz bu birlik və mübarizə ruhu Xankəndindən Zəngəzura qədər uzanan azadlıq yürüşümüzün təməlini qoydu.
Ulu Öndər Heydər Əliyev Novruzu sadəcə bir bayram kimi deyil, xalqın tarixi irsinin, milli-mənəvi dəyərlərinin bir hissəsi kimi dəyərləndirirdi. Onun rəhbərliyi ilə Novruzun dövlət səviyyəsində qeyd edilməsi, milli adət-ənənələrə sahib çıxılması, mübarizə ruhunun qorunmasına böyük töhfə verdi. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək, Novruz bayramını təkcə şənlik yox, həm də milli həmrəyliyin və dövlətçiliyin təntənəsi kimi təqdim edir.
Bu gün Qarabağda yandırılan tonqallar, Xankəndidə, Şuşada, Zəngəzur istiqamətində dalğalanan bayrağımız, xalqımızın əyilməz iradəsinin və yenilməz ruhunun sübutudur. Bizim üçün Novruz sadəcə fəsil dəyişikliyi deyil, azadlıq və suverenliyə gedən yolun işıqlandırıcısıdır. Bu alov heç vaxt sönməyəcək!
Uzun illər işğal altında olan Qarabağ torpaqlarında Novruz tonqallarının yandırılması bir vaxtlar əlçatmaz arzu kimi görünürdü. Lakin 44 günlük Vətən müharibəsində qazanılan Qələbə bu arzunu gerçəyə çevirdi. 2021-ci ildə Şuşada yandırılan ilk Novruz tonqalı bu zəfərin ən parlaq simvollarından birinə çevrildi. O tonqal yalnız bir bayram adəti deyildi – xalqımızın azadlıq uğrunda keçdiyi çətin yolun, şəhidlərimizin canı və qanı bahasına əldə edilən qələbənin, Azərbaycanın gücünün və birliyinin rəmzi idi.
Prezident İlham Əliyev Novruz bayramını milli dəyərlərin, birliyin və dövlətçiliyin rəmzi kimi dəyərləndirir. Hər il bayram münasibətilə xalqa müraciətində o, Azərbaycanın güclənməsindən, suverenliyinin tam bərpa olunmasından və xalqımızın mübarizə əzmindən danışır. Xüsusilə, azad edilmiş torpaqlarda tonqalların qalanması, Şuşa və Xankəndidən dünyaya verilən mesajlar, Azərbaycanın ərazi bütövlüyünün bərpasının təkcə siyasi yox, həm də mənəvi zəfər olduğunu göstərir
Məhz o dövrdə başlanılan mübarizə ruhu bu gün Xankəndidən Zəngəzura qədər uzanan yolun əsasını təşkil edir. Azərbaycan Ordusunun 2020-ci ildə Qarabağı işğaldan azad etməsi və 2023-cü ildə Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə suverenliyin bərpası bu mübarizənin davamıdır. Bu gün Novruz tonqalları artıq təkcə Qarabağda deyil, Zəngəzurda da qalanmağa başlayır. Azərbaycanın tarixi torpaqlarında yenidən həyat bərpa olunur, xalqımız öz doğma yurdlarına qayıdır.
Bu gün Azərbaycanın hər bir guşəsində, azad Qarabağ torpaqlarında və Zəngəzur istiqamətində yandırılan Novruz tonqalları xalqımızın döyüşkən ruhunun, iradəsinin və mübarizə əzminin əbədi simvoludur!