Azərbaycan həmrəyliyi qlobal sülhə və multikultural dəyərlərə xidmət edir  

Azərbaycan həmrəyliyi qlobal sülhə və multikultural dəyərlərə xidmət edir   

Fatimə Suleymanlı

YAP Suraxanı rayon təşkilatının gənc fəalı

Bu gün Azərbaycan dünya azərbaycanlıları üçün inkişafın, tərəqqinin və milli fəxarətin ünvanıdır. Ulu Öndər Heydər Əliyevin başladığı və cənab Prezident İlham Əliyevin Zəfərlə zirvəyə daşıdığı bu yol bizi daha parlaq gələcəyə aparır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə bütün xalqımızı, rəşadətli ordumuzu və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızı ürəkdən təbrik edirik!

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünya azərbaycanlıları həmrəylik gününü tam fərqli bir ovqatla – qalib xalq ruhu ilə qeyd edirlər. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası "Dəmir yumruğ"un həm hərbi, həm də mənəvi gücünü nümayiş etdirdi. Bu yumruq həm də bütün dünya azərbaycanlılarının sarsılmaz birliyinin rəmzidir. Artıq soydaşlarımız xarici ölkələrdə başıdik, alnıaçıq, üzüağ gəzirlər. Çünki onlar bilirlər ki, onların arxasında 30 illik işğala son qoyan, BMT-nin qətnamələrini təkbaşına icra edən qüdrətli Azərbaycan dövləti və onun Lideri dayanır.

Azərbaycan həmrəyliyi həm də qlobal sülhə və multikultural dəyərlərə xidmət edir. Ulu Öndərin "Bir millət, iki dövlət" kəlamı bu gün türk dünyasının böyük inteqrasiyasının əsasını təşkil edir. Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti, erməni lobbisinin yalanlarına qarşı vahid cəbhədə mübarizə aparması cənab Prezident İlham Əliyevin strateji uğurudur. Ölkəmizdəki dözümlülük mühiti xaricdəki soydaşlarımız tərəfindən bir model kimi təbliğ olunur ki, bu da Azərbaycanın dünyadakı müsbət imicini daha da möhkəmləndirir.

Arzu edirik ki, müstəqil Azərbaycanımızın səmasında hər zaman sülh və qələbə bayrağı dalğalansın. Qoy 2026-cı il və sonrakı illər vətənimiz üçün daha böyük quruculuq, tərəqqi və sarsılmaz birlik illəri olsun.