Azərbaycan gəncləri Vətənə sədaqət ruhunda tərbiyə edilir
Tacəddin Allahyarlı Şahlar
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən
Məndən soruşsalar ki, sizcə, yaxın tarixdə Azərbaycanda ən vətənpərvər insan kim olub? Heç düşünmədən Ulu öndər Heydər Əliyev söyləyərəm. Doğurdan da bu insan canıyla, qanıyla vətəninə hədsiz bağlı olub. Azərbaycan tarixində əvəzsiz rol oynayan Heydər Əliyev şəxsiyyətinin dahiliyi təkcə onun siyasi xadim olması ilə bitmir. O, bütün sahələrdə vətəninə nə qədər sevgisi olduğunu hiss etdirib.
Ulu Öndərin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərə verdiyi qiymət daim göz önündə olmuşdur. Milli-mənəvi dəyərlərin içərisində Azərbaycançılıq ideologiyası daim mühüm yer tutmuşdur. Ulu öndərin bu ideologiyası gənclərin Azərbaycançılıq ruhunda tərbiyələnməsinə yönəldilmiş siyasətin əsas tərkib hissəsi idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən ictimai-siyasi hadisələr dəyişdikcə gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bu hadisələri aydınlığı ilə müşahidə edən ulu öndər gənc nəslin daha mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il, iyulun 26-da “Gənclər və İdman Nazirliyi”ni yaratdı. Bu nazirlik yarandıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı.
Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk formunun keçirilməsi nəzərə alındı. Və elə o dövrdən hər il fevralın 2-si “Gənclər Günü” kimi qeyd olunur.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmışdır. Gənclərin azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi düzgün istiqamətdə aparılan siyasətin nəticəsi idi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir.