Azərbaycan enerji təhlükəsizliyini hələ bir neçə il əvvəl təmin edib
Aidə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 273 nömrəli körpələr evi, uşaq bağçasının müdiri
Bilirik ki, hər bir inkişafın əsasında iqtisadi tərıqqi dayanır. Bu tərəqqi birtərəfli ola bilməz İlk gündən dünya dövlətləri ilə həm iqtisadi, həm siyasi əlaqələr quran dövlətimiz bu yolda inamla irəliləyir. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələnir. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-BƏƏ arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcəkdir.
Dövlət Başçımız cənab İlham Əliyev: “Bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir daha təsdiqlədi. Bu fürsətdən istifadə edərək, bizi qəbul edən bütün tərəflərə minnətdarlığımı bildirirəm. Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz - Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik.” Bu sözlər ikitərəfli münasibətlərin zirvədə olduğunu göstərir.
Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Azərbaycan Enerji təhlükəsizliyini hələ bir neçə il əvvəl təmin edib. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.
Meqa layihə olan Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Hazırda Azərbaycan həmin yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı zamanı planların çox böyük hissəsinin artıq icra olunduğu qeyd edilmişdir.
Masdar və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Güclər ortamüddətli layihələr nəticəsində 10 qiqavata qədər artırılacaq. Masdar ilə əməkdaşlığımız Azərbaycanı yaşıl enerjinin mühüm ixrac mənbəyinə çevirəcək.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. İndiyədək ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edərək mühüm uğurlara imza atıb. İndiki dövrdə isə bizim əsas hədəfimiz Azərbaycanı əsas bərpaolunan enerji mərkəzlərindən birinə çevirməkdir.