AZƏRBAYCAN DÜŞMƏN İŞĞALINDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ YENİDƏNQURMA VƏ BƏRPA İŞLƏRİ

AZƏRBAYCAN DÜŞMƏN İŞĞALINDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ YENİDƏNQURMA VƏ BƏRPA İŞLƏRİ

Südabə Abdullayeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 279 nömrəli məktəbin direktoru

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən sonra işğaldan azad edilmiş rayonların bərpası və yenidənqurulması prioritet məsələyə çevrilmişdir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin bu rayonlara ardıcıl və sistemli səfərləri böyük beynəlxalq əhəmiyyət daşımaqla həm də rəmzi və siyasi əhəmiyyət daşıyır. Türkiyə Respublikası ilə Şuşa şəhərində bağlanmış tarixi Bəyannamə isə özündə həm də strateji məna ifadə edir. İlk səfərlərini Füzuliyə və Cəbrayıl rayonlarına edən Prezident məhz həmin şəhərlərdə daha çox olmuşdur. Sonra ardıcıl olaraq azad edilmiş bütün diğər rayonlara səfər etmişdir.

Füzuliyə səfər onun nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi ilə əlaqədar idisə, Şuşaya səfər onun Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsinin elan edilməsi, Şuşa Bəyannaməsinin imzalanması ilə başa çatmışdı. Prezident Qarabağa səfərləri zamanı erməni işğalının ağır nəticələrini yenidən bütün dünyaya  bəyan edərək əyani şəkildə göstərdi. 30 ilə yaxın davam edən işğal dövründə erməni faşistləri viran qoyduqları torpaqlarda heç bir quruculuq işləri aparmamışdılar.

Böyük Zəfərdən il yarımadək zaman keçib. Həmin müddət ərzində Azərbaycan dövləti iri bərpaetmə və yenidənqurma layihələri hazırlamaqda və həyata keçirməkdədir. Ən iri layihələr arasında avtomobil və dəmiryollarının çəkilməsi, hava limanlarının tikilməsi, su elektrik stansiyalarının inşası kimi iqtisadi proqramlar üstünlük təşkil edir. Füzuli-Şuşa avtomobil yolu, Füzuli hava limanı, Horadiz-Ağbənd dəmir yolu xətti, Zəngilanda “Ağıllı kənd”, Füzuli-Hadrut avtomobil yolu, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu, Zəngilanda Beynəlxalq Hava Limanı, Horadiz-Zəngilan avtomagistral yolu, Murovdağda inşa olunacaq tunelin əsası qoyulmuşdur. Füzuli hava limanı da daxil olmaqla həmin iqtisadi layihələrin bir neçəsi artıq həyata keçirilmişdir. Daxili əhəmiyyət daşıyan 700 kilometr uzunluğunda yolların çəkilişi həyata keçirilməkdədir. Görülən bütün tədbirlər azad edilmiş ata-baba torpaqlarımıza məcburi köçkünlərin qayıtması ilə nəticələnəcəkdir.

Bu prosesi həyata keçirmək üçün “Ağıllı kənd” və “Ağıllı şəhər” modeli hazırlanmışdır. 2021-ci ilin aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Prezident demişdir: “Bu kəndin çox böyük önəmi var. Çünki Böyük qayıdış bu gün başlayır”. Ötən il mayın 28-də Ağdamın Baş Planı təsdiq edilmişdir. Bu birinci Baş Plandır. İşğaldan azad edilmiş diğər rayonların və şəhərlərin Baş Planı hazırlanır. Yaxın zamanda məcburi köçkünlərin ilk dəstəsinin Zəngilana – “Ağıllı kənd”ə qayıtması baş tutacaqdır.

Həyata keçirilən böyük siyasi və iqtisadi tədbirlər sırasında yeni iqtisadi rayonlaşma xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin sərəncamı ilə 14 iqtisadi rayon yaradılmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi keçmişə və gələcəyə əsaslanır. Həmin ərazilər xalqımıza məxsus dədə-baba torpaqlardır. Zəngəzur dəhlizinin işə salınması ilə Göyçə mahalı ilə də əlaqə saxlamaq mümkün olacaqdır. Bu siyasətin həyata keçirilməsində Türkiyə ilə müttəfiqlik münasibətlərinin böyük rolu var. Müttəfiqlik müqaviləsinin tarixi şəhərimizdə - Şuşada imzalanması müstəsna siyasi əhəmiyyət daşıyır.

Erməni vəhşiliyinin nəticələri, törədilmiş dağıntıların miqyası o qədər ağırdır ki, hər hansı bir dövlət təkbaşına bu işin öhdəsindən çətinliklə gələ bilər. Azərbaycan dövləti Prezident İlham Əliyevin nəhəng idarəçilik qabiliyyəti, qurduğu dəqiq planların həyata keçirilməsi sayəsində iqtisadi quruculuq layihələrini özü maliyyələşdirir. Lakin bütün bu işlərin başa çatdırılması zaman və kifayət qədər vəsait tələb edir. Təhlükəsizlik, idarəetmə, nəqliyyat, təchizat, təhsil və səhiyyə məsələləri ilə bağlı işlər, məcburi köçkünlərin geriyə qaytarılması, işlə təmin edilməsi prosesin mərhələ-mərhələ, həm də sistemli şəkildə davamı nəzərdə tutulur.

Prezident İlham Əliyevin 2021-ci il fevralın 2-də imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı Sərəncamında 5 milli prioritet imzalamışdır. Onlardan biri də işğaldan azad olunmuş ərazilərə böyük Qayıdışdır. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin təsis edilməsi prosesin planlı şəkildə və elmi əsaslarla həyata keçirildiyini təsdiq edir. Ağdamda sənaye, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə mədənçilik və turizmin inkişafı planlaşdırılır. 2022-ci ilin mayında Şuşada Dünya Azərbaycanlılarının VI  qurultayının keçirilməsi nəzərdə tutulan prosesin başlandığını göstərir.

Ağdamın əlverişli inkişaf imkanları yaxın gələcəkdə onun Qarabağın sənaye mərkəzinə çevrilməsinə təsir göstərəcəkdir. Artıq Ağdamda Sənaye Parkının, məktəbin, avtomobil yolunun, muzey-kompleksinin və s. bünövrəsi qoyulmuşdur.

Xocavənddə, Şuşada, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Laçında, Zəngilanda müxtəlif iqtisadi layihələrin təməlinin qoyulması sübut edir ki, Azərbaycan xalqı bu yerlərin əsl sahibidir. O dağıtmaq, viran qoymaq üçün deyil, əksinə, qurmaq, yaradılanları qorumaq, dünyamızı gözəlləşdirmək üçün yaşayır, mübarizə aparır.