Azərbaycan Dili Milli Sərvətimizdir
Nailə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi
Hər bir xalqın milliliyi, kimliyi, tarixi və mədəniyyəti məhz onun öz dili ilə yaşayır və var olur. Dövlət dilimiz olan Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir. Ana dilimizi bütün gözəllikləri ilə qorumaq, onu inkişaf etdirmək hər bir azərbaycanlının mənəvi missiyasıdır.
Azərbaycan dili xalqımızın milli sərvətidir. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, xalqımız əsrlər boyu müxtəlif çətinliklərlən keçsə də, öz kimliyini və ana dilini qoruyub saxlamağı bacarmışdır. Ulu Öndərin Azərbaycan dilinə olan böyük sevgisi və qayğısı nəticəsində 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" çox önəmli bir Fərman imzalandı.
Ulu Öndərin böyük zəhmətlə reallaşdırdığı bu uzaqgörən Ana dili siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısı doğma dilimizə, klassik Azərbaycan ədəbiyyatına və milli dəyərlərimizə hər zaman xüsusi həssaslıqla yanaşır. Dövlət rəhbərinin ana dilimizin qrammatikası, leksikologiyası və orfoqrafiyasının qorunması istiqamətində həyata keçirilən layihələrə dəstək verməsi vətən sevgisinin bariz nümunəsidir. Təsadüfi deyil ki, hər il avqust ayının ilk günü ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təntənə ilə qeyd olunur. Çünki işıqlı gələcəyin ilk addımları, elm yolundakı bütün uğurlar məhz əlifbanı mükəmməl öyrənməklə başlayır.
Böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu gün ölkəmizdə təşkil olunan beynəlxalq tibbi konfranslarda da əsas ünsiyyət və təqdimat vasitəsi məhz Azərbaycan dilidir. Dünyanın qabaqcıl ölkələrində istifadə olunan tibb ədəbiyyatının dilimizə uğurla tərcümə edilərək tədris prosesinə tətbiq olunması, cənab Prezidentin Azərbaycan səhiyyəsinə və birbaşa ölkə vətəndaşına olan qayğısının real göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi: "Biz xoşbəxt bir millətik, çünki bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var!" Azərbaycan dilinin saflığı ədəbiyyatımızda, tariximizdə, zəngin mədəni irsimizdə yaşayır və gələcək nəsillərə böyük bir sevgi ilə ötürülür.