Qurbanəli İslamov
Vətən müharibəsi qazisi
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəsi
Paytaxtımız Bakı oktyabrın 2-dən etibarən beş gün ərzində daha bir mötəbər tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə başlayır. Oktyabr ayının 6-dək davam edəcək Konqresə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə bərabər, onun sosial-iqtisadi inkişafına da mühüm təsir göstərib. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin fəal üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz sahibi kimi tanınıb. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilən təcrübənin, formalaşan yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edəcək. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Proqram Azərbaycan mədəniyyətinin zənginliyi və unikallığını nümayiş etdirib. Qonaqlara dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) kosmosla bağlı fəlsəfi görüşləri təqdim olunub. Bundan əlavə, kainatın sirlərinin daşıyıcısı hesab edilən Butanın Qız Qalasından milli xalça ornamentlərinə keçidini, Qarabağın rəmzi olan Xarıbülbülün kosmosa səyahətini, Qarabağın kürən atlarını əks etdirən qrafik kompozisiya nümayiş etdirilib. Tədbirin ən maraq doğuran hissələrindən biri Süni intellektlə idarə olunan robot vasitəsilə təqdim edilən innovativ inkişafla bağlı uğur hekayəsi olub.
Azərbaycan ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Həqiqətən də bu hər bir vətəndaşda qürur hissi oyadır. Çünki keçən əlli ildə Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin qoyub-getdiyi bünövrə, tövsiyə etdiyi tapşırıqlar, siyasət sayəsində, cənab İlham Əliyevin düşünülmüş planları, həyata keçirdiyi proqramlar, layihələr əsasında tamamilə dəyişmiş, mədəniləşmiş, inkişaf etmiş və dünyanın tanınan dövlətlərindən birinə çevrilmişdir.