Avropa İttifaqının üzv dövlətlərinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır

Avropa İttifaqının üzv dövlətlərinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır
Qulam Səfərzadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsi

Aprelin 25-də SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı oldu. Prezident İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.  Dövlət Başçısının səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR  arasında Anlaşma Memorandumu imzalandı. Bu Memorandumun imzalanması enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır.

Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın təmzimləyici qurumu artıq "SOCAR Trading"ə Avropada təbii qaz ticarəti ilə məşğul olmaq lisenziyasını təsdiqləyib.Bütün bunlar SOCAR-ın Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycanın Avropa ölkələrinə daha çox qaz ixrac etməyə fürsət yaradacaqdır.

Azərbaycan 25 qiqavatdan artıq bərpa olunan enerjinin istehsalı məqsədilə beynəlxalq şirkətlərlə müqavilələr imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi artıq başlayıb.

Anlaşma Memorandumu Azərbaycandan Avropaya qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaṣlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan  Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri ilə həyata keçiriləcəkdir.

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır.  Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə və Sazişlərə imza atdı. Bu o deməkdir ki, Avropa İttifaqının üzv dövlətlərinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Bütün bunlar ölkəmizin hər sahədə olduğu kimi, siyasi sferada da inkişaf etdiyinin və kifayət qədər güclü bir dövlət olduğunu bir daha sübuta yetirir.