İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin sədri
İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşü, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatında ölkəmizin mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqlədi.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, təbii ki, Avropa İttifaqı ilə tərəfdaşlıqdır. Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Azərbaycan Aİ-nin təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirməkdədir və əlaqələrdə son illərdə çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Bu, ölkəmizin xarici siyasətinin uğurunun təzahürü kimi təqdirəlayiqdir. Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir.
Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti Şarl Mişellə keçirdiyi görüşlər və bu görüşdə Aİ rəsmisinin səsləndirdiyi fikirlər bir daha Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini təsdiqləyir. Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını artırır. Aİ rəhbərliyi Azərbaycan Prezidentinin irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri təqdir edir və ölkəmizlə münasibətlərin davamlı yüksəlişi üçün əlaqələri daha da şaxələndirir. Bütün bunlar isə İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə daha möhkəmləndiyinin bariz təcəssümüdür.