Almaniya Avropa İttifaqının aparıcı dövləti, eləcə də qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir
Arzu Aslanova
Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dünya siyasətində öz strateji mövqeyini gündən-günə daha da möhkəmləndirir, regional və qlobal miqyasda mühüm qərarların qəbul olunduğu əsas güc mərkəzlərindən birinə çevrilir. 21 iyul 2026-cı il tarixində dövlət başçımızın Almaniya Federativ Respublikasına gerçəkləşən rəsmi səfəri və bu səfər çərçivəsində verdiyi bəyanat ikitərəfli münasibətlərimizi keyfiyyətcə tamamilə yeni – strateji səviyyəyə qaldırmışdır.
Almaniya Avropa İttifaqının aparıcı dövləti, eləcə də qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir. Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” həm ölkələrimiz arasında strateji dialoqun rəsmi təməlini qoydu, həm də gələcək çoxşaxəli əməkdaşlığın aydın yol xəritəsini müəyyənləşdirdi.
Bu gün Azərbaycanda 200-dən çox Almaniya şirkəti müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. İmzalanmış Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə iqtisadi əlaqələrin daha geniş çərçivədə inkişafına, yeni iş yerlərinin açılmasına və qarşılıqlı sərmayə qoyuluşunun kəskin artmasına təkan verəcəkdir. Yaxın vaxtlarda yaradılacaq xüsusi işçi qrupları bu sənədlərin praktiki müstəvidə sürətlə reallaşmasını təmin edəcəkdir.
Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı imicini bir daha təsdiqlədi. Artıq bu ildən etibarən Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bununla da Azərbaycan qazı Avropa İttifaqının 10 üzv ölkəsinə çatdırılır. Neft və təbii qaz ixracı ilə yanaşı, Azərbaycanın gələcəkdə Avropa məkanına "yaşıl enerji" çatdırmaq əzmi iki ölkə arasında enerji əməkdaşlığını genişmiqyaslı və uzunmüddətli perspektivə daşıyır.
Nəqliyyat infrastrukturunun modernləşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində Almaniya şirkətlərinin böyük təcrübəsindən istifadə olunacaqdır. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Orta Asiya ilə Avropa arasında strateji körpü rolunu daha da artırmışdır. Bu bağlantı dəhlizləri regionun ümumi iqtisadi dinamikasına misilsiz töhfə verir.
30 ilə yaxın davam edən işğala öz gücü ilə son qoyan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan regionda daimi sülhün əsas təşəbbüskarıdır. Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması tarixi münaqişəyə faktiki olaraq son qoydu.
Azərbaycan sülh razılaşmasından dərhal sonra əməli addımlara keçmişdir:
• Ölkəmiz tərəfindən təchiz edilən benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə böyük dəstəkdir.
• Azərbaycan ərazisindən Ermənistana tranzit yükdaşımaları geniş vüsət almış və artıq 40 min tondan çox tranzit yük ölkəmizdən keçmişdir.
Bu prosesdə, eləcə də xarici işlər nazirləri səviyyəsində danışıqlara ev sahibliyi edən Almaniya hökumətinin sülh prosesinə verdiyi töhfə yüksək qiymətləndirilir.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan təkcə öz regionunda deyil, beynəlxalq aləmdə də sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın qarantına çevrilmişdir. Almaniyaya olunmuş bu rəsmi səfər və əldə olunmuş tarihi razılaşmalar dövlətimizin qüdrətinin və artan nüfuzunun növbəti parlaq sübutudur.
Qürur hissi ilə vurğulamaq istəyirəm ki, güclü dövlətimiz və uzaqgörən rəhbərimiz sayəsində gələcəyə daha inamla addımlayırıq!