Aksiya iştirakçılarının tələbləri kifayət qədər aydın, adekvat və qanuni tələblərdir

Aksiya iştirakçılarının tələbləri kifayət qədər aydın, adekvat və qanuni tələblərdir

Aysel Ələkbərzadə

İctimai fəal gənc

Azərbaycan Respublikası ərazisinin təbii və coğrafi şəraitinin unikallığı, əlverişli strateji mövqeyə malik olması ilə həmişə göz önündə olub. Qafqazın incisi Qarabağ regionu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməklə, uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə zərər vurulmuş, qiymətli ağac növləri ilə zəngin meşələr, zəngin yataqlarımız istismar olunub. 30 il müddətində Ermənistan, Qarabağda yaşayan ermənilər Azərbaycan ərazisində ekoloji terror törədib və nəticədə çaylarımız, göllərimiz çirklənib, ətraf mühitə ciddi zərər dəyib. Bu gün azad edilmiş ərazilərimizdə ekoloji problem özünü çox kəskin şəkildə göstərməkdədir.

Əsl insan, əsl vətəndaş elə yaşamalı, qəlbində vətənə və insanlığa olan borcu elə yaşatmalıdır ki, onun həyatı əbədi bir məşəl kimi bəşər həyatını işıqlandırsın. Lakin vandalizmi yaşadan, insanlığa zidd olan hərəkətlərlə yaddaşlarda qalan ermənilər və ermənipərəstlər yenə də sabitliyi, dincliyi qorumur. Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər. Etiraz aksiyası məhz xalqın iradəsinin təqdimatının göstəricisidi. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, vətənlə bağlıdır. Məndə bu aksiyada iştirak edərək, vətəndaşlıq borcumu yerinə yetirdim. Oradakı ruh yüksəkliyi sözlərlə ifadə olunmur.

Ordumuzun necə nizam-intizamlı, mərdliyi, məğrur baxışları, sülhməramlıların isə xaotik, nizamsız növbə çəkdiyi gözümdən qaçmadı. Vətənin hər qarışı bizim üçün əzizdir, doğmadır, səcdəgahdır, toxunulmazdır. Məhz yataqlarımızın istismarı qəbulolunmazdır. Fəalların tələbləri təmin olunmalı, terrora son verilməlidir.  Şuşa-Laçın yolunda "Ekoterrora son!", "Təbiəti qoruyaq!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" kimi şüarlarla müşayiət edilən aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Dinc formada keçirilən aksiya iştirakçıları qanunsuz istismarın qarşısının alınması üçün Azərbaycan mütəxəssislərinin ərazidə monitorinq keçirmələrinə şərait yaradılmasını tələb edirlər.

Azərbaycan fəallarının sülhsevər aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Ekofəallar heç kimi hədələmir. Onlar nə sülhməramlılara, nə də yolu keçmək istəyən dinc ermənilərə qarşı hər hansı bir kobudluğa və qanun pozuntusuna yol vermirlər. Onlar sadəcə dinc şüarlar səsləndirirlər. Rusiya sülhməramlılarının komandanı general Andrey Volkovun əraziyə gəlməsini və onların tələblərini dinləməsini istəyirlər. Tələblər də kifayət qədər aydın, adekvat və qanuni tələblərdir. Biz dünyanın diqqətini bu aksiya ilə Qarabağa yenidən yönəldə bilmişik.

Fərqli mövqelərin, ermənipərəst yanaşmaların  mövcud olmasına baxmayaraq, aksiya bölgədə yeni reallıqlar formalaşdırıb. Həmin ərazilərdə ölkəmizin suveren hüquqları təmin edilməli, Rusiya və Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməlidirlər. Ruben Vardanyanla bağlı isə xüsusi tədbir görülməlidir. Çünki ekoloji terrora rəvac verən əsas fiqurlardan biri məhz odur.

Heç bir qüvvə bizi susdura bilməz. Fəallar qar yağmasına baxmayaraq Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərimizin qeyri-qanuni istismarına etiraz etməyə davam edirlər.

Dünyanın harasında olmasına baxmayaraq, qəlbində vətən eşqi alovlanan soydaşlarımız bu aksiyaya dəstək verirlər. Dünya Azərbaycanlıları Haaqada etiraz aksiya və yürüş keçiriblər. Niderland-Azərbaycan təşkilatının təşəbbüsünə qoşulan azərbaycanlılar ermənilər tərəfindən ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarının daha da gücləndiyi, həmin ərazidə monitorinq keçirmək cəhdlərimizə imkan verilmədiyi barədə məlumatları Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar. Ekoloji terrorizmə qarşı şüarlar səsləndirən, çağırışlar edən aksiya iştirakçıları Qarabağa toplaşan azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, onları dəstəklədiklərini bildiriblər.

Soydaşlarımız ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizmin bütün regionu təhdid etdiyini vurğulayıb, siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə adekvat reaksiya göstərməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırıblar. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Cinayətin qarşısı mütləq alınmalıdır.