Akademik Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir

Akademik Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir

Qərənfil Əhmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, "Şənlik" uşaq bağçası və körpələr evinin müdiri

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. 

Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.

Zərifə Əliyevnın təşəbbüsü ilə 1979-cu ildə Fiziologiya İnstitutunun Bakı Məişət kondisionerləri zavodu nəzdində işçilərin görmə orqanının fiziolo­gi­yası və pro­fessional patologiyasının problemi ilə məşğul olan ilk ixtisas­laşmış laboratori­yası təşkil edilmişdir. Eksperimental tədqiqatlar nəticəsində istehsa­latda aşağı­in­tensivli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğun­luqları alim tərəfindən aşkar olunmuşdur. Zərifə Əliyevnın oftalmologiya sahəsin­də çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologi­yası və peşə xəstəliklərinin təsiri nəticəsində baş ve­rən göz patologiyalarının profi­laktikası, diaqnostikası və müalicəsi, kimya sə­nayesi müəssisələrinin işçilə­rində görmə orqanının vəziyyəti, herpetik göz xəs­təlikləri, ağır virus kon­yunk­tivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakte­ris­tikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə mü­a­­li­cəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, irido­diaq­nostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.

8 noyabr 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir.

Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyev yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.