Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırıb. Forum Azərbaycana beynəlxalq baxışın səviyyəsini bir daha sərgiləmiş oldu. Görünən budur ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. İlk növbədə onu qeyd etmək yerinə düşər ki, uğurlu nəticələrin əsas səbəblərindən biri etimad mühitinin qorunması və inkişaf etdirilməsi olmuşdur.
Ölkəmizin başçısı bu gün dünyanı düşündürən iqlim dəyişiklikləri fonunda ziddiyyətlərin olduğunu bildirərək qeyd etmişdir ki, bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir, digər tərəfdən isə Avropa İnvestisiya Bankı qazıntı yanacağına investisiyanı tamamilə portfelindən çıxarmışdır. Belə təzadlar ilk növbədə Avropanın özünə ciddi ziyan gətirə bilər. Odur ki, ilk növbədə həyata keçirilən hər bir layihənin digəri ilə uzlaşdırılmasının vacibliyi diqqət mərkəzində saxlanmalıdır.
Cənubi Qafqaz regionunda təhlükəsizliyin başlıca şərt olduğunu vurğulayan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün bu addımı atdı və reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Cənab İlham Əliyev hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuzu əsaslı şəkildə diqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır.
Gələcəkdə ölkəmizin Avrasiya İqtisadi İttifaqına üzv olmaq imkanlarına dair sualı cavablandıran ölkə başçısı bildirdi ki, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın kifayət qədər geniş ikitərəfli əlaqələri var və bu ölkələri də, onların potensial imkanlarını da yaxşı tanıyırıq: “O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik.”
İstər Şimal-Cənub, istrəsə də Orta Dəhliz layihələrinin həyata keçməsində üzərinə düşən bütün işləri layiqincə yerinə yetirməkdə israrlı olan, belə mühüm qovşaqda yerləşməsini Tanrının töhfəsi adlandıran cənab İlham Əliyev hər iki layihənin dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını və nəhəng logistika imkanlarının yaranacağını bildirmişdir: “Həqiqətən, hər kəsə tam aydındır ki, yatırmağa çalışdığımız ən yaxşı sərmayə təhsilə, gənc nəslə yatırdığımız sərmayədir”-deyə xüsusi olaraq vurğulayan ölkə başçısı bildirdi ki, təhsil bizim üçün əsas prioritetlərdən biridir. Bizim beynəlxalq tərəfdaşlarla xüsusi proqramlarımız var. Gənc nəslimizin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi Prezident proqramı mövcuddur. Eyni zamanda, Azərbaycanda yüksək səviyyədə təhsil prioritetdir. Biz, həmçinin hər ikisini bir araya gətirməyə çalışırıq və hazırda xaricdə təhsil Prezident proqramı əsasında maliyyələşdirilir.”
Çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi və hər bir məsləyə konkret faktlarla münasibət bildirən Prezident İlham Əliyevin bir daha göstərdi ki, Azərbaycan öz iqtisadi və gücünə inanır, möhkəm təməllər üzərində duran dövlətimiz müstəqil siyasət yürüdür və siyasətimiz ancaq və ancaq milli maraqlarımıza söykənməkdə davam edəcəkdir.