“907-ci düzəliş” –in ləğvi ilə ABŞ Azərbaycana qarşı ədalətsizlik etdiyini qəbul etmiş oldu

“907-ci düzəliş” –in ləğvi ilə ABŞ Azərbaycana qarşı ədalətsizlik etdiyini qəbul etmiş oldu
Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən

Qələbələr təkcə döyüş meydanlarında qazanılmır. Tarixdə o qədər faktlar var ki, döyüşdə qan bahasına əldə olunmuş qələbə diplomatiyada reallaşa bilməyib. Bu mənada Prezident İlham Əliyevin Amerika Birləşmiş  Ştatlarına səfəri, burada Prezident Trampla və Ermənistan bnaziri Paşinyanla görüşü, bu görüşlərin nəticələri, bağlanmış müqavilələr əslində cəbhədə əldə etdiyimiz qələbənin legitimləşdirilməsi deməkdir. Bu cəhətdən həmin səfərin çox böyük  tarixi əhəmiyyəti var.

Hamının duyduqlarından, bildiklərindən başqa, mənim özümün gəldiyim nəticələr var. Həmin nəticələrdən biri budur ki, möhtərəm Prezidentimiz çıxışlarının birində demişdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Onun bu sözü həddən artıq irəlini müdrikcəsinə düşünən bir siyasətçinin analitik düşüncəsinin məhsulu idi. Yəni, Prezidentimiz nəzərə almışdı ki, bu koridorun əhəmiyyəti təkcə Naxçıvanla əlaqə ilə məhdudlaşmır. Bu yolun çox böyuk iqtisadi əhəmiyyəti var və elə buna görə də sanballı tərəfdaşları da olacaq. Buradaca hansısa bir erməni  politoloqunun sözü yadıma düşdü. Həmin politoloq deyirdi ki, əgər  İlham Əliyev bir sözü deyirsə, heç bir şübhəniz olmasın ki, yerinə yetirəcək! (Buradaca haşiyədən çıxıb qeyd edim ki, indi yəqin ki, ermənilər İlham Əliyevin dediyi başqa sözlərini də xatırlayır və ürəkləri əsim-əsim əsir.)

Görüş zamanı ürəyimi qürurla dolduran başqa bir məqam, ola bilsin kiməsə əhəmiyyətsiz kimi görünən bir məsələni də qeyd etmək istəyirəm. Hansısa mətbuat orqanının müxbiri Prezident Trampa sual verdi. Amma sualın hansısa tərəfi Trampa qaranlıq qaldı. İlham Əliyev isə sualı ona izah etdi. Sualın ingilis dilində səsləndirildiyini və cənab Trampın da ingilisdilli olduğunu bura əlavə etsəm, niyə qürurlandığım aydın olar. Yaxşı yadımdadır: Hansisa toplantıların birındə Belarus Prezidenti A.Lukaşenko İlham Əliyev haqqında danışarkən: “O postsovet məkanının ölkələrinin ən savadlı Prezidentidir.”demişdi. Doğrudur o vaxt bəziləri A.Lukaşenkonun sözlərindən məmnun qalmamışdılar. Amma Ağ evdə baş verən, qeyd etdiyimiz hadisə Belarus prezidentinin haqlı olduğunu sübut etdi.

Daha bir məsələni qeyd etmək istəyirəm. ABŞ “Azadlıq” aktına “907-ci düzəliş”-i ləgv etdi. Qeyd edək ki, həmin o “907-ci düzəliş”-ə görə ABŞ öz-özünə Azərbaycana hansısa yardım etməyi qadağan edirdi. O yardımın məbləği çox kiçik idi. Amma məsələ təkcə məbləğdə deyil. İşin mənəvi tərəfi də var axı. Əslində ABŞ neçə illik özünün səhvini,  Azərbaycana ədalətsizlik etdiyini etiraf etmiş oldu.

Bir daha qeyd edək ki, bu səfərin çox böyük əhəmiyyəti var. Onlardan birini qeyd edək və fikrimizi yekunlaşdıraq. Bu görüşün nəticəsi olaraq tezliklə bağlanacaq sülh ölkəmizə çoxlu iqtisadi fayda verəcək onlardan biri budur ki, müharibə təhlükəsi aradan qalxınca hərbi xərclər də azalacaq, hərbə yönəlmiş vəsait ölkənin daha da çiçəklənməsinə, vətəndaşlarımızın rifahının yüksəlməsinə sərf olunacaq. Xeyirli uğurlu olsun!