Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan müstəqillik əldə etdikdən sonra müəyyən etdiyi hədəflərə doğru əmin addımlarla irəliləməyə başladı. Dövlətçilik ənənələrini bərpa etmək, ölkəni yoxsulluq vəziyyətindən çıxarmaq, cəlb olunduğumuz müharibənin ağır nəticələrinə qarşı mübarizə aparmaq hər şeydən əvvəl böyük vətənpərvərlik, əzm və səriştə tələb edirdi. Keçən dövrə nəzər saldıqda dövlətimizin bu istiqamətdə apardığı işlərin nəticələrini aydın görmək olur. Bu gün Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, haqsız müharibənin əzilən tərəfi kimi əziyyət çəkən, dünyanın aparıcı dövlətlərinin yalnız öz maraqlarını təmin etmək üçün xatırladığı məkandan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad etdiyi torpaqlarda öz hesabına bərpa və quruculuq işləri aparmağa qadir, iradəsi ilə hesablaşmağa vadar edən, eyni zamanda beynəlxalq ictimaiyyətdə qazandığı yüksək etimad sayəsində irihəcmli layihələrdə layiqli tərəfdaş kimi çıxış edən qüdrətli dövlətə çevrilmişdir. Dövlət rəsmilərinin xarici ölkələrə mütəmadi səfərləri, ölkə baçısının mötəbər tədbirlərdə iştirakı və ən nəhayət ölkəmizdə baş tutan təntənəli olduğu qədər də əhəmiyyətli sayılan tədbir və konqreslər hədəflərin yüksək tutulmasının göstəricilərindəndir.
Oktyabr ayının 2-də Bakı növbəti dəfə 100-dən çox ölkəni təmsil edən 5000-dən artıq iştirakçının simasında böyük bir konqresə ev sahibliyi etdi. 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi Azərbaycanın müasir elmin və texnikanın inkişaf sürətinə yetişmə yolundakı addımlarından biri olaraq səciyyələndirilə bilər.Vətənimizin təbii sərvətlərlə zəngin olduğu bir həqiqətdir. Bu da bir gerçəkdir ki, həmin sərvətlərin xalqın rifahı naminə istifadəsini təmin etmək böyük bir səriştə tələb edir. Bu gün iqtisadi inkişafımızın əsasında dayanan bu fikir özü ilə birlikdə müasirləşmə kontekstində elmi-texniki inkişaf mövzusunu da gündəmə daşıyır. Ölkə Prezidenti İlham Əliyevin də dəfələrlə çıxışlarında qeyd etdiyi kimi bizim ən dəyərli sərvətimiz insan potensialımızdır. Məhz yeni - yeni uğurların açarı olacaq yüksək səviyyəli mütəxəssislərin yetişməsi üçün bizim hər gün dəyişən dünyanın tərəqqisinə yaxınlığımız, yeniliklərin müşahidəçisi deyil bilavasitə iştirakçısı olmağımız zəruridir.
50 il əvvəl 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinin Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda keçirilməsi tarixi hədəflərin müəyyənləşməsinin əsaslı və ardıcıl bir məqsədin reallaşmsına xidmət etdiyini göstərir. Bu cür önəmli tədbirlər həm də Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin lazımı şəkildə və səviyyədə tanıdılması üçün fürsətdir.
74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin nitqi bu baxımdan xüsusi çəkiyə malik olmaqla növbəti imkanın düzgün istifadəsi kimi xarakterizə oluna bilər. Dövlətimizin sülh və rifah diləklərinin aydın bir dillə ifadə olunması, qanunlarımızın heç bir istiqamətdə ayrıseçkiliyə imkan verməməsi və bütün bunlarla birlikdə haqlarımızın təmin olunması üçün siyasi və hərbi iradəyə sahibliyimizin qeyd olunması vətənimizin növbəti dəfə dünyaya doğru yöndə təqdim olunması idi. Azərbaycanın son 20 il ərzində ümumi daxili məhsulda əldə etdiyi artım, qoyulan sərmayələrin ümumi həcminin 300 milyard ABŞ dollarını ötməsi və onlardan 190 milyardının qeyri neft sektorunun payına düşməsi faktı da iqtisadi yüksəlişə hesablanmış fəaliyyətin nəticələrini ifadə edir.
Enerji və nəqliyyat marşrutları sahəsində Azərbaycanın üzərinə götürdüyü müstəsna rol da vətənimizi dünya üçün əhəmiyyətli və etimada layiq dövlət kimi səciyyələndirir. Siyasi, iqtisadi, regional inkişaf layihələrində iştirak bu istiqamətdəki təcrübələrin genişlənməsinə şərait yaradır. Bu gün təkcə Azərbaycana deyil 45-dən artıq ölkəyə xidmət edən üç peykin məhz azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunması, kosmik sənayenin inkişafı üçün atılan addımların müsbət nəticələrindəndir. 32 illik müstəqillik dövrü ərzində əldə olunmuş nailiyyətlər gələcəyə daha böyük ümidlərlə baxmağa zəmin yaradır. Siyasi sabitlik, sosial rifah və mədəni inkişaf hədəflərimizin gerçəkləşməsinin qüdrətli Azərbaycanın daimi simasını formalaşdıracağına şübhə yoxdur.