36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib

36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib

4 iyun 2026-cı il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbinin R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş hesabat konserti keçirilmişdir.
Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Məktəbin şagirdlərinin ifasında və məktəbin müəllimlərindən ibarət Xalq Çalğı Alətləri kollektivinin müşayiəti ilə T.Quliyevin “Məhəbbət çırağı”, “Sevgi valsı”, “Dostluq”, “Qaytağı”, Fikrət Əmirovun “Məhəbbət rəqsi”, “1001 gecə” baletindən “Şəhrizadın şənliyi”, Arif Məlikovun “Türk qızlarının rəqsi”, Qara Qarayevin “Vals” və digər əsərlər səsləndirilib.
Sonda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və 36 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru çıxış edərək tədbir iştirakçılarını “15 iyun – Milli Qurtuluş günü” münasibətilə təbrik etmiş, konsertdə ifa edən şagird və müəllimlərə öz təşəkkürlərini bildirmişlər.