Hülya Məmmədli
Yeni Azərbaycan Partiyasının üzvü, politoloq
Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında olduqca mürəkkəb bir dövrdə - 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli lider Heydər Əliyev müdrikliyinin, uzaqgörənliyinin daha bir nəticəsi, bəhrəsi idi. 91 nəfər ziyalının Heydər Əliyevin rəhbərliyi altında ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq çağırışına cavab məktubunda Ulu Öndər sanki bugünkü Azərbaycanı görərək demişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Xalqın sınanmış lideri və vətənpərvər, peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşən ziyalılar, tanınmış simalar, nüfuzlu şəxslər Yeni Azərbaycan Partiyasının özəyini təşkil edirdi. Partiya bu gün də Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi olan yüksək intellektli, peşəkar və vətənpərvər kəsimindən ibarət 773770 nəfər üzvü öz sıralarında birləşdirir.
Bu il yaranmasının 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası ötən dövr ərzində Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası kimi mövqeyini möhkəmləndirmiş, böyük təcrübə qazanmış, ciddi inkişaf yolu keçmişdir. Partiya öz fəaliyyət prinsiplərinə sadiq qalaraq, Ulu Öndərin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun daim dəstəkçisi olmuşdur.
Məlumdur ki, son illərdə ölkəmizdə gedən inkişafın, müasirləşmənin məntiqi və qanunauyğun nəticəsi olaraq, siyasi sferada və idarəetmə sahəsində islahatlar daha da genişlənmiş, keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bu islahatlar və yenilənmə daim zamanla ayaqlaşan Yeni Azərbaycan Partiyasından da yan keçməmiş, partiyanın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı və orada alınan qərarlar həm ölkəmizin ictimai-siyasi həyatında, həm də YAP-ın fəaliyyətində əlamətdar hadisə olmuşdur.
Qurultaydan sonra partiyada həyata keçirilmiş struktur dəyişiklikləri YAP-ın fəaliyyətində səmərəliliyin və çevikliyin artırılmasına təkan vermiş, YAP-ın veteranları, təcrübəli üzvləri ilə gənclər arasında təmasların genişləndirilməsi partiya ənənələrinin, təcrübə və dəyərlərinin canlı ünsiyyət şəraitində nəsildən-nəslə ötürülməsini təmin etmişdir. Qurultay günündə 6 siyasi partiyanın öz müraciətləri əsasında YAP-a birləşməsi, eləcə də son iki ildə partiyaya üzv olmaq üçün müraciətlərin çoxalması Yeni Azərbaycan Partiyasının cəmiyyətdə, xalq arasında artan nüfuzundan xəbər verir. Təkcə onu qeyd etmək kifayətdir ki, VII qurultaydan sonra YAP-a 30 min nəfərdən artıq yeni üzv qəbul olunmuşdur ki, onlardan 15 min nəfərdən çoxu gənclərdir.
Bu da təsadüfi deyil, çünki Yeni Azərbaycan Partiyasına olan inam, etimad, ilk növbədə onun sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyəti, nüfuzu, xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirməsi amili ilə sıx bağlıdır. 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbə Azərbaycan xalqının, o cümlədən gənclərimizin ölkə Prezidentinə, dövlətçiliyimizə nə qədər bağlı olduqlarını bütün dünyaya nümayiş etdirdi. Ona görə də qalib ölkənin müzəffər liderinin rəhbərlik etdiyi siyasi partiyaya maraq da bu gün ən yüksək səviyyədədir.
Həmçinin, VII qurultaydan sonra Yeni Azərbaycan Partiyasının dövrün tələblərinə, günümüzün reallıqlarına və Qarabağ zəfəri faktoruna əsaslanan yeni Proqramı hazırlanaraq qəbul edildi. Proqramda partiyanın əsas hədəfləri qismində göstərilən “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” müasir, güclü, qalib Azərbaycanın bu gün qarşısında dayanan ali məqsədlərlə üst-üstə düşür.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursuna öz dəstəyini verən Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün kəsimləri ilə təmaslarını genişləndirməklə “iqtidar-xalq” modelinin real nümunəsini ortaya qoyur. Keçirdiyi bir sıra tədbirlərə, görüşlərə müxalifət partiyalarının nümayəndələrini də dəvət edən YAP ölkəmizdəki siyasi plüralizmə töhfə verir, siyasi partiyalar arasında dialoqun aparıcı, mərkəzi qüvvəsi kimi çıxış edir.
YAP həmçinin, genişləndirməkdə olduğu beynəlxalq əlaqələrini və beynəlxalq aləmdəki fəaliyyətini Azərbaycanın milli maraqlarına və xarici siyasətinin əsas istiqamətlərinə uyğun formada həyata keçirməkdədir. Son iki ildə qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə birgə böyük tədbirlərə ev sahibliyi edən YAP digər türk dövlətlərinin, həmçinin, Azərbaycana səmimi, dost münasibət bəsləyən ölkələrin aparıcı siyasi partiyaları ilə də əməkdaşlıq əlaqələri qurur və inkişaf etdirir.
Beləliklə, 30 yaşını qeyd edən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixinin sadəcə tərkib hissəsi deyil, həm də onun formalaşmasında iştirak edən mühüm ictimai-siyasi aktordur. Prezident İlham Əliyevin YAP-ın VII qurultayındakı çıxışında da söylədiyi kimi, “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.