3 Oktyabr 1993-cü il Sabitliyimizin və Zəfərimizin Tarixi İrsidir

3 Oktyabr 1993-cü il Sabitliyimizin və Zəfərimizin Tarixi İrsidir

Nəzrin Mirzəli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 126 nömrəli körpələr evi- uşaq bağçasının müdiri 

Zaman keçdikcə bəzi tarixlər sadəcə təqvim yarpağındakı rəqəm olmaqdan çıxıb, bir millətin taleyini dəyişən dönüş nöqtəsinə çevrilir. Müasir Azərbaycan dövlətçilik tarixinə nəzər salarkən 3 oktyabr tarixi məhz belə bir rəmzi və xüsusi əhəmiyyətə malikdir. Bu gün, Azərbaycan xalqının öz gələcəyinə sahib çıxdığı, dövlətçilik iradəsini qətiyyətlə ifadə etdiyi tarixi günlərdən biridir. Həmin günün doğurduğu siyasi reallıq bizə siyasi sabitliyin, milli həmrəyliyin və dövlətçilik ənənələrinin cəmiyyətin tərəqqisində nə qədər həyati rol oynadığını hər an xatırladır.
Ümummilli Lider Heydər Əliyevin siyasi irsində dayanıqlı inkişaf anlayışı hər zaman mərkəzi və xüsusi bir yer tutmuşdur. Onun hələ ötən əsrin sonlarında böyük uzaqgörənliklə müəyyən etdiyi strateji kurs, Azərbaycanın iqtisadi potensialının sürətlə gücləndirilməsinə zəmin yaratdı. Eyni zamanda, ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsinə və milli maraqlarımızın qlobal münasibətlər sistemində ardıcıl, həm də güzəştsiz şəkildə müdafiə olunmasına imkan verdi. Bu uzaqgörən siyasət, sadəcə o dövrün böhranlarından çıxış yolu deyil, həm də gələk onilliklərin möhkəm təməli idi.
Tarixdə strategiyanın mövcudluğu qədər, onun davamlılığı da mühüm şərtdir. Azərbaycan bu baxımdan şanslı dövlətlərdəndir. Heydər Əliyev dühasının əsasını qoyduğu bu siyasətin davamlılığı, sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək seviyyədə təmin edildi. Bu gün rəsmi Bakı regional və beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qətiyyətlə diktə edən, tam müstəqil siyasət yürüdən bir güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib.
Bu ardıcıl siyasi xəttin və milli birliyin ən mükəmməl məntiqi nəticəsi isə torpaqlarımızın azadlığı oldu. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa edilməsi çoxəsrlik dövlətçilik tariximizin ən mühüm və şanlı səhifələrindən birini təşkil edir. Bu möhtəşəm Zəfər, sadəcə hərbi uğur deyil; o, Azərbaycan xalqının uzun illər ərzində qoruduğu sarsılmaz milli iradənin və köklü dövlətçilik ənənələrinin təntənəsi kimi xüsusi tarixi məna daşıyır.
Məhz bu səbəbdən, bu şanlı tarixi və tükənməz irsi evlərimizdə, bağçalarımızda və məktəblərimizdə böyüyən balaca fidanlarımıza, gələcəyimiz olan balalarımıza hər addımda öyrətməliyik. Onların təmiz qəlbinə Vətən sevgisini, dövlətə sədaqət hissini elə indidən nəqş etməliyik ki, müstəqil Azərbaycanın nə qədər çətin və şərəfli yollardan keçdiyini bilsinlər.
Bu gün biz 3 oktyabr tarixinə və müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salarkən, əldə olunan nailiyyətlərin mahiyyətini daha dərindən anlayırıq. Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara, qlobal çağırışlara uyğun şəkildə qətiyyətlə davam etdirilir. Keçmişimizdən aldığımız bu güclə gələcək nəsillərə dövlətçilik dəyərlərini aşılamaq, müstəqilliyimizi qorumaq və onu daha da sarsılmaz etmək hər birimizin vətəndaşlıq borcudur. Tarixi yazanlar və onu yaşadanlar var olsun!

Paylaş