27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib

27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib
Abdulla Məmmədov

Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Tarixə nəzər salsaq görərik ki, XIX əsrin əvvəllərindən qədim torpaqlarımızda yaşamaq üçün yer verdiyimiz, köçəri həyat sürən, vətəni olmayan ermənilər zaman-zaman xalqımıza xəyanət etmişlər. Faşist xislətli ermənilər bitməz tükənməz təxribatlarıyla, insanlığa sığmayan rəzillikləriylə ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək, 1 milyondan artıq soydaşımızı dədə-baba yurdlarından qovaraq, onlara qaçqınlıq, didərginlik həyatı yaşatmışdır.
Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Mənfur düşmən 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.
Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Azərbaycan xalqı bu Vətən müharibəsi dövründə dövlətlə, orduyla birlik, vəhdət təşkil etdi. Vətənə sadiqliyi, qan yaddaşımızdan gələn, nəsildən-nəslə miras kimi ötürülən yurduna, torpağına bağlılığı, mərdliyi, dözümü ilə özünün böyüklüyünü bir daha göstərə bildi. Bu müharibədə dünya birliyi Azərbaycan Prezidenti İlham Əliyevi uzaqgörən dövlət və siyasi xadim, məharətli Ali Baş Komandan, mahir diplomat, gözəl nitq mədəniyyətinə malik şəxsiyyət kimi daha yüksək dəyərləndirdi.
Əlbəttə, müharibə itkisiz olmur, müqəddəs Vətən savaşında şəhid olan oğullar bizim hər birimizin doğmasıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, xalqımız onları heç vaxt unutmayacaq. Onların əzizlərinə səbir, yaralılarımıza isə tezliklə sağalmasını, şəfa diləyirik.