26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Ziyafət Rəhimova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, Vüqar Bayramov adına körpələr evi və uşaq bağçasının müdiri

Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycanda da ordu quruculuğu daim prioritet məsələlərdən olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ölkəmizdə ilk dəfə Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bununla da Milli Ordumuzun əsası qoyulmuşdur. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın hərbi nazirliyi də rəsmən ləğv olunmuşdur. Bundan sonra Azərbaycanda yeni milli ordunun formalaşdırılması tam 70 il sonraya təsadüf etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə isə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur.1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin təkmilləşməsi prosesi yeni mərhələyə qayıtmış, ordu quruculuğu diqqət mərkəzində saxlanılmışdır. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilmişdir.

Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirilmiş, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Hazırda Silahlı Qüvvələrimizin əsgərləri sülhməramlı qismində müxtəlif münaqişə zonalarında iştirak edirlər.Bu gün hər birimiz ordumuzun gücü, qüdrəti ilə fəxr edirik. Ordumuzun döyüş və vətənpərvərlik ruhu, təmas bölgələrində düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur.

Ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi onu deməyə əsas verir ki, Azərbaycan əsgərinin xalqımıza qələbə sevincini yaşadacağı gün uzaqda deyil. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş əraziləri düşməndən azad etməli, ölkənin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.

Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik.