26 avqust tarixi sadəcə Laçın şəhərində deyil, respublikamızın hər yerində qeyd olunur

26 avqust tarixi sadəcə Laçın şəhərində deyil, respublikamızın hər yerində qeyd olunur
Natiq Həsənov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Bülbülə bələdiyyəsinin sədri
2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər.
Şəhərin mənzərəli terrasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyası müxtəlif tamaşalar nümayiş etdirib. Burada, eyni zamanda, xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub, şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər sənət növlərinin də daxil olduğu incəsənət sərgisi və “Laçın mənzərələri” adlı rəsm sərgisi açılıb. Laçının mənzərəli məkanlarından birində qurulmuş “I love Lachın” bölməsində isə qonaqlar şəhərin füsunkar təbiətini seyr edə, bu gözəlliyi öz telefonlarının və fotoaparatlarının yaddaşına köçürə biləcəklər. İncəsənət düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi və ceyran maketlərinin boyanmasını izləmək mümkün olacaq.
Bayraq Meydanının qarşısında isə gün ərzində “Sarı Aşıq və Yaxşı” dastan-tamaşası nümayiş olunub, Laçın çay ənənələrinin təqdimatı məqsədilə “Çay dəstgahı”, müxtəlif sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik, keramika və sair məmulatların satışı üçün “Laçın bazarı” qurulub, milli geyimdə olan aktyorların ifasında immersiv oyunlar, milli personajlardan hazırlanan maskotların gəzintisi təşkil edilib.
Bu gün 26 avqust sadəcə Laçın şəhərində deyil, respublikamızın hər yerində xüsusi ovqat və bayram əhal-ruhiyyəsi ilə qeyd olunur. Buna səbəb Azərbaycanın qədim yurd yeri olan Laçın şəhərinin 2022-ci ilin məhz bu günündə - 26 avqust tarixində Azərbaycan Ordusunun nəzarətinə keçməsidir. Prezident İlham Əliyev bu tarixi hadisəni Laçın şəhəri günü elan etməklə əbədiləşdirib. Laçın rayonu 2020-ci ilin 1 dekabr tarixində ölkəmizə təhvil verilsə də, şəhərin özü və bəzi kəndlər məhz 2022-ci ilin 26 avqust tarixində Azərbaycanın faktiki nəzarətinə keçib. Bununla da Laçının tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi prosesi başa çatıb.
26 avqust Laçın şəhəri günü olmaqla yanaşı, həm də diplomatiyamızın qələbə günüdür. Çünki Laçın məhz Prezident İlham Əliyevin moderatorluq etdiyi Azərbaycan diplomatiyasının peşəkarlığı sayəsində - bir güllə belə atılmadan azad olunub. Prezident İlham Əliyev bununla sübut edib ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də kifayət qədər güclüdür və Ermənistanın bu gücə qarşı dirəniş göstərməsi, müqavimət sərgiləməsi mümkün deyil. Xalqımız bundan sonra sülh,əmin-amanlıq şəraitində, yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır.